Accessibility links

Amerikanın Azərbaycandakı səfiri bələdiyyə seçkilərini müşahidə edib


Bu gün Azərbaycanda bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçirilib. Sıradan çıxmış 1931 bələdiyyə üzvü uğrunda 4524 namizəd mübarizə aparıb. Seçkiləri 8425 yerli, 32 nəfər beynəlxalq müşahidəçi müşahidə edib. ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bələdiyyə seçkilərini müşahidə etmək üçün Abşeron rayonunun Corat və Ceyranbatan qəsəbələrində olub, seçki məntəqələrinə baş çəkib. Səfir mənqətə üzvləri, müşahidəçilər və seçicilərlə görüşüb. Səfir müşahidələrindən sonra bəldiyyə seçkilərini şəxsən müşahidə etməkdən çox məmnun olduğunu bildirib. "Səfirlik ölkənin bir çox yerlərində seçkiləri müşahidə edir". Onun sözlərinə görə, demokratik islahatlar Amerika-Azərbaycan münasibətlərində bölüşülən ən əsas dəyərlərdən biridir. "Güclü və açıq siyasi proses Azərbaycanın demokratik inkişafı üçün çox vacibdir. Azad və ədalətli seçkilər bu prosesin açarıdır. Seçki prosesinin hər bir mərhələsi şəffaf olmalıdır. Namizədlərin qeydiyyatından başlayaraq seçki kampaniyasına qədər, səsvermədən başlamış səslərin hesablanmasına qədər şəffaflıq təmin edilməlidir. Seçki qanununa əməl edilməsi və şəffaflığın təmin edilməsi mühüm rol oynayır. Hər bir iştirak edən tərəf dövlət məmurları, namizədlər və seçicilər seçki prosesinin məsuliyyətini daşıyır". Səfirin fikrincə, seçki komissiyalarında iştirak edənlərin və vətəndaşların Azərbaycanda demokratikləşmə prosesinin inkişafına kömək etmək həvəsi müşahidələri zamanı ona təsir edən məqamlardandır. "Demokratiya insanların maraqlarına xidmət etməlidir. Demokratiyanın əsasını təşkil edən amillərdən biri də bu prosesə həvəs göstərən hökuməti insanların dəstəkləməsidir. Eyni zamanda, bələdiyyələrin, parlamentin təşkili və açıq seçkilərin keçirilməsi də demokratiyanın əsas təməl prinsipləridir. Demokratiyanın üçüncü əsas amili isə qanunun aliliyinin təmin edilməsidir. Buraya korrupsiyaya qarşı mübarizə və ədliyyə sisteminin qurulması daxildir. Dördüncü əsas amil cavabdeh və güclü medianın olmasıdır. Beşinci amili isə insan haqlarına hörmət təşkil edir. Hər bir demokratik ölkə bu prinsiplərin inkişaf edib möhkəmlənməsinə xidmət etməlidir"-deyə o qeyd edib. Seçkilərdə aparıcı müxalifət partiyaları iştirak etmədiyindən seçki məntəqələrində müşahidəçilər arasında fərqli fikirlər qeydə alınmır. Seçkinin gedişini müşahidə edənlər isə səsvermə zamanı seçicilərə hər hansı təsir edilmədiyini bildirir. Seçicilərin də çoxu qanun pozuntusu ilə rastlaşmadığını bildirib. Ancaq fərqli düşünənlər də var.
XS
SM
MD
LG