Accessibility links

Türkmənistan-Azərbaycan-Avropa Birliyi əməkdaşlığı genişlənir


Bu gün Bakıda Avropa Birliyinin səfirliyi açılıb. Açılışda Avropa Birliyinin “üçlüyü” – qurumun komissarı Benito Ferrero Valdner, birliyin sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, Fransa xarici işlər nazirliyinin nümayəndəsi Jak For iştirak edib. Üçlük Azərbaycan xarici işlər naziri ilə müzakirələrdən sonra mətbuat konfransı keçirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, müzakirələrdə Ermənistan-Azərbaycan münaqişəsi, Orta Asiya enerji daşıyıcılarıının Avropaya çatdırılması diqqət mərkəzində olub. O Azərbaycanın Avropa qonşuluq siyasəti çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib. Avropa Birliyinin sədri Dimitri Rupel danışıqların nəticələrini faydalı adlandırıb. O Birliyin Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyini deyib. “Danışıqlarda müxtəlif məsələləri, yeni layihələri müzakirə etdik. Bunlar Avropa qonşuluq siyasəti çərçivəsində həyata keçiriləcək. Avropa Birliyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində, regionda stabilliyin yaranmasında maraqlıdır. Tərəflərin təkliflərini diqqətlə nəzərdən keçiririk və müsbət qiymətləndiririk. Həbs olunan jurnalistlərin azad edilməsini yüksək də qiymətləndiririk və siyasi inkişafa ümid edirik. Hesab edirik ki, Azərbaycan demokratik islahatları davam etdirəcək. Bu Azərbaycan-AB əməkdaşlığında mühüm yer tutur”. Cənab Rupel müzakirələrdə ən mühüm yerlərdən birini də enerji təhlükəsizliyi məsələsinin tutduğunu deyib. “Biz bu sahədə təkcə AB-Azərbaycan əməkdaşlığını deyil, Türkmənistan-Azərbaycan-AB əməkdaşlığını genişləndirmək istəyirik. Neft və qaz kəmərlərinin müxtəlifliyinə çalışırıq. Üzv ölkələr bunun üçün Rusiya və digər ölkələrlə danışıqlar aparır. Bu baxımdan Transxəzər və NABUCCO layihələri AB-i üçün əhəmiyyətlidir. Artıq Qazaxıstanla və Azərbaycanla əməkdaşlıq memorandumumuz var. Türkmənistanla da olacaq. Əmin olmaq istəyirik ki, məsələ bir yerdə dayanmayacaq». Xanım Benito Ferrero Valdner Avropa Birliyinin Azərbaycanda demokratiya sahəsində inkişaf gözlədiyini deyib. “Demokratikləşmə sahəsində Azərbaycanın region üçün yeni model olmasını istəyirik. Azərbaycanda iqtisadi sahədə bir sıra islahatlar həyata keçirilib. Ancaq biznes mühitinin yaxşılaşdırılmasını və daha geniş inkişafı gözləyirik. Qonşuluq siyasətində enerji məsələsi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadiyyatında neft və qaz gəlirləri mühüm yer tutur. İstəyirik ki, neft gəlirləri şəffaf və balanslaşdırılmış şəkildə istifadə olunsun. Azərbaycan neft istehsalçısı və tranzit ölkə kimi AB-i ücün cox vacibdir”. AB-nin komissarı Ermənistan-Azərbaycan münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasını dəstəklədiyin bildirib. “AB münaqişənin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edəcək. Ermənistan və Azərbaycan başa düşməlidir ki, münaqişənin həlli bu ölkələrdə, o cümlədən regionda ciddi inkişafa təkan verəcək”-deyə o qeyd edib.
XS
SM
MD
LG