Accessibility links

Bakıda "Korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsi" mövzusunda beynəlxalq konfrans keçirilib


Bakıda Azərbaycan Ədliyyə Nazirliyi və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası "Korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsi"nə həsr olunmuş beynəlxalq konfrans keçirib. Tədbirdə Azərbaycanın və ondan çox digər ölkənin rəsmi şəxsləri, assosiasiyanın prezidenti, ATƏT-in, Dünya Bankının nümayəndələri iştirak edib. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı effektiv mübarizə üçün beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Onu sözlərinə görə, son dövrdə hakimlərin maaşları 25 dəfə artırılıb. Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətləri və mətbuat mühüm rol oynayır. Assosiasiyanın prezidenti Tzya Çunvanq Azərbaycanın bu təşkilatın fəal üzvü olduğunu bildirib. “Assosiasiya BMT-nin konvensiyasına uyğun olaraq beynəlxalq əməkdaşlığı genişləndirir. Qlobal dünyada korrupsiyaya qarşı təklikdə mübarizə mümkün deyil. Bu səbəbdən də assosiasiyada birləşən 140-dan çox dövlət artıq əməkdaşlıq edir”. Azərbaycanın Baş Prokuroru Zakir Qaralov ölkədə korrupsiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu il 26 vəzifəli şəxs barəsində cinayət işi başlanıb. İndoneziyanın baş prokuroru Henderman Supançi bildirib ki, korrupsiya sahəsində beynəlxalq əməkdaşlıq oğurlanmış aktivlərin qaytarılması və ekstradisiya baxımından əhəmiyyətlidir. "Bir çox hallarda oğurlanmış aktivlər yurisdiksiyadan kənarlaşdırılır. Həmin vəsaitlərin qaytarılması üçün yurisdiksiyalar arasında əməkdaşlıq vacibdir. Bu seminar əməkdaşlıq sahəsində mexanizmlərin, sistemlərin yaradılmasının müzakirəsi baxımından da əhəmiyyətlidir”. Ukrayna baş prokurorunun müavini Oleksandr Şinalskiy bildirib ki, bu ölkədə korrupsiyaya qarşı siyasi, iqtisadi və mədəniyyət sahələrində kompleks tədbirlər həyata keçirilir. Cinayət Məcəlləsinə qeyri-qanuni varlanma ilə bağlı maddə əlavə edilib. "2007-ci ildə Ukraynada 1500 korrupsiya cinayəti üzrə iş başlanıb. Bu cinayət işlərinin 200-ü rüşvətlə bağlı olub. 606 nəfər dövlət məmuru, 437 yerli şirkət, 438 mühafizə orqanının əməkdaşı məsuliyyətə cəlb olunub. Korrupsiya ilə bağlı 4000-dən çox subyekt, 3000-dən çox dövlət məmuru məhkəməyə cəlb olunub. 2007-ci ildə hakimlərin rüşvət alması ilə bağlı 500 cinayət işi qaldırılıb". Böyük Britaniyanın Ağır Dələduzluq Ofisinin direktor müavini Ceyms Kellokun sözlərinə görə, ölkəsində 2001-2006-cı illərdə 46 adam rüşvət və korrupsiya faktı ilə cinayətə cəlb edilib. Eyni zamanda, xaricdə fəaliyyət göstərən Böyük Britaniya şirkətləri ilə bağlı kəşfiyyat orqanları 108 rüşvət faktı müəyyən edib. "Bu cinayət işlərinin 19-u başa çatıb. 35-i ilkin istintaqdadır, 16 iş bağlanıb, 28 cinayət işi ilə bağlı isə hələ heç bir iş görülməyib. Hazırda ümumilikdə 46 cinayət işi davam etdirilir. Onun 15-i bir neçə ölkəni əhatə edir". Hindistanın Sayıqlıq üzrə komissiyasının komissioneri Pratyuş Sinha son illər ölkəsinin korrupsiya ilə bağlı beynəlxalq indeksdə müsbət reytinq aldığını deyib. "Hindistanda dövlət satınalmaları və tenderlər dövlətin ciddi nəzarəti altında keçirilir. Şəffaflıq və koordinasiyalı satınalmalar və tender həyata keçirilir. Məhsul və xidmətlərin təchiz və tətbiqinə nəzarət edilir"-deyə o qeyd edib.
XS
SM
MD
LG