Accessibility links

"Gəncləri birləşdirək!"


BMT Baş katibi Ümumdünya Telekommunikasiya və İnformasiya gününün bu ilki devizini gənclərə aid edib

Mayın 17-si Ümumdünya Telekomunikasiya və İnformasiya Cəmiyyəti günüdür. Bu münasibətlə BMT-nin baş katibi Ban Ki Mun müraciət imzalayıb.

Sənəddə deyilir ki, XIX əsrin ortalarında teleqrafın meydana gəlməsindən bəri Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bütün dünyada insanların ünsiyyəti üçün şərait yaradılmasında əsas rollardan birini oynayıb. «Bu gün, ənənəvi telekommunikasiya vasitələrindən tutmuş kiber-məkandakı ən son nailiyyətlərə kimi, BTİ hökumətlər, özəl sektor və vətəndaş cəmiyyətinə informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə bağlı məsələlərin həll olunmasında ixtisaslı təlimatlar verərək köməklik göstərməkdə davam edir. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin iki mərhələsi uğurla başa çatdıqdan sonra bütün Birləşmiş Millətlər sistemi İKT və inkişaf proseslərini bir-biri ilə sıx əlaqələndirən fəaliyyət planını həyata keçirməkdə qərarlıdır».

Ban Ki Munun sözlərinə görə, ümumdünya gününün builki mövzusu “gəncləri birləşdirək”dir. «İKT istifadəçiləri arasında gənclər ən çoxsaylı və ən məlumatlı qruplardan birini təşkil edir. Bununla belə, rəqəmsal inqilab onların bir çoxu, xüsusən də gənc qızlar və qadınlar, həmçinin ucqar, xidmət səviyyəsi aşağı olan ərazilərdə yaşayan insanlar üçün hələ də əlçatmazdır».

Bu səbəbdən də baş katib siyasi xadimləri və sənaye liderlərini ortaq fikrə gələrək İKT-nin istifadəsinə kömək edən uyğun texnologiya, təminat və xidmətlər istehsal etmək üçün uşaq və gənclərlə birgə işləməyə çağırıb:

«İKT-dən istifadə etmək imkanına malik gənclər çox zaman bilik axtarışında ciddi irəliləyişə nail olur və kifayət qədər asanlıqla ünsiyyət maneələrinin “üzərindən atlanma” imkanı əldə edirlər. Bir çox hallarda gənclər yeni texnologiyaların inkişafı və istifadəsində aparıcı qüvvə kimi çıxış edir. Lakin rəqəmsal uçurum bir başqalarını da bu ümumi mənzərədən kənarda qoyur və onların qloballaşma prosesindən tam şəkildə bəhrələnmələrini qeyri-mümkün edir. Gənclər hər yerdə savadsızlıq və yoxsulluqdan qurtularaq yüksəlmək və öz potensiallarını tam şəkildə realizə etmək üçün bərabər imkanlara malik olmalıdır».

XS
SM
MD
LG