Accessibility links

BP-Azərbaycan şirkətinin prezidenti yanvar-mart aylarının yekunlarını uğurlu sayır


BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord bu ilin yanvar-mart aylarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. O ikinci rübün sonunda Ceyhan limanından Bakı nefti doldurulmuş ilk tankerin yola salınma mərasimi olacağını bildirib. Cənab Vudvordun sözlərinə görə, bu ilin I rübündə «Azəri-Çıraq-Günəşli» strukturu üzrə 2006-cı il əməliyyat xərcləri üçün planlaşdırılmış 227 mln. dolların 46 mln. dolları, əsaslı xərclər üçün planlaşdırılmış 2 milyard 552 mln. dolların isə 613 mln. dolları artıq xərclənib. «Bu ilin ilk üç ayı ərzində Çıraq, Mərkəzi Azəri və Qərbi Azəri platformalarından birlikdə orta hesabla gündəlik təxminən 384 min barel neft hasil olunub. Bunun da 138 min bareli gündəlik orta hesabla Çıraq platformasının, 226 min bareli Mərkəzi Azərinin, 75 min bareli isə Qərbi Azərinin payına düşür. İlin sonunadək bu üç platformadan gündəlik neft hasilatının həcmi 500 mln. bareldən artıq olacag». Cənab Vudvord hesab edir ki, BTC Co boru kəməri şirkəti 2006-cı ildə Bakı-Tbilis-Ceyhan boru kəmərinin tikintisi layihəsi üzrə xərclərin 2005-ci ildə planlaşdırılan 641 mln dollardan 832 mln-a çatacağını proqnozlaşdırır. Onun sözlərinə görə, 2006-cı ildə layihə üzrə xərclərin artması barədə proqnoz, əsas etibarilə boru kəmərinin neftlə doldurulması xərclərinin artması, tikintinin qrafikdən geri qalması və podratçılarla bağlı bir sıra kommersiya məsələləri ilə bağlıdır. «İlkin hesablamalara görə, Bakı-Tbilisi-Ceyhan kəmərinin dəyəri 30% artıb. İlkin layihədə kəmərin dəyəri 2,95 mlrd dollar həcmində qiymətləndirilmişdi. Ancaq təkcə kəmərin texniki neftlə doldurulması və kreditlərin qaytarılması üçün əlavə olaraq 600 mln. dollar lazımdır. Hazırda podaratçı şirkətlər tərəfindən qiymətləndirmə davam edir və layihənin son dəyəri kəmərin tikintisi başa çatdıqdan sonra məlum olacaq». O Cənubi Qafqaz qaz kəmərinin tikintisinin uğurla davam etdirildiyini bildirib. «Şahdəniz qazı bu il üçüncü rübün sonunda Türkiyəyə çatdırılacaq».
XS
SM
MD
LG