Accessibility links

Daniel Frid: «Demokratiya ABŞ-ın Azərbaycanla münasibətlərində mühüm sahəni təşkil edir»


<<Biz Prezident Putinin təklifini maraqlı hesab edirik - bunu həmişə demişik. Bu, raketdənmüdafiə üzrə sadəcə mübahisə etmək əvəzinə, irəliyə getmək üçün konstruktiv yoldur, raketdənmüdafiə üzrə əməkdaşlıq etmək barədə təklifdir. İndi isə biz nə edə biləcəyimizi müzakirə edirik. Ən yaxşı çıxış yolu Polşa və Çexiyada baza sistemləri haqqında Amerikanın ideyalarını, Azərbaycanda və Cənubi Rusiyadakı radarlara dair Rusiyanın ideyalarını, həmçinin NATO və Avropa ölkələrinin bu sahədə baxışlarını bir araya gətirib vahid, uyğunlaşan və şəffaf sistem yaratmaqdır ki, nəticə etibarilə hamının təhlükəsizliyi artsın. Bu, ən yaxşı həll yolu olardı. Hazırda biz Rusiya ilə birgə işləyərək, bunun mümkünlüyünü araşdırırıq». Bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Fridin AzərTac dövlət agentliyinə müsahibəsində deyilir. Onun sözlərinə görə, hökumətlər bu ilin sentyabrında məsələyə yenidən qayıdacaq.

«Daha sonra, oktyabrda iki ölkənin xarici işlər və müdafiə nazirləri 2+2 formatında görüşəcək. Payızda intensiv müzakirələr aparacağıq. Bu arada isə, əlbəttə, polyaklar və çexlərlə danışıqlarımızı davam etdirəcəyik». O Azərbaycanın danışıqlara məsələnin detalları müzakirə olunarkən qayıdacağına ümid edir. «Nə vaxtsa, danışıqlarımız, deyək ki, əməliyyat detalları mərhələsinə çatanda, belə format məntiqi olardı. Əlbəttə, mən Azərbaycanın marağını anlayıram - bu, tam qanunidir. Lakin hazırda biz hələ konseptual mərhələdəyik. Bir daha təkrar edirəm - Azərbaycana aid nə müzakirə olunacaqsa, Azərbaycanla birlikdə müzakirə edəcəyik».

Daniel Frid ABŞ-Azərbaycan demokratiya və insan hüquqları sahəsində dialoquna da xeyli fikir ayırıb. Cənab Fridin fikrincə, demokratiya ABŞ-ın Azərbaycanla münasibətlərində mühüm sahəni təşkil edir. «XXI əsrdə güclü dövlətin güclü müstəqil təsisatları olmalıdır. Biz Azərbaycanı məhz belə güclü dövlət görmək istərdik. Möhkəm dövlət təkcə möhkəm mərkəz deyil, həm də mükəmməl azad mətbuat, müstəqil inzibatçılar, təhlükəsizlik mübadiləsi komitələri, müstəqil məhkəmələr deməkdir. Müstəqil media isə azadlığın əsasını təşkil edir. Ona görə biz Azərbaycanla demokratiya haqqında danışanda, Azərbaycandan xaricdəki bəzi adamların iddialarına baxmayaraq, bunu ölkənizi zəiflətmək üçün yox, əksinə, möhkəmlətmək üçün edirik. Biz, bu dialoqu davam etdirəcəyik. Təhlükəsizlik və iqtisadi maraqlarla yanaşı, demokratiyanın inkişafı maraqları Azərbaycanla münasibətlərimizin bir hissəsidir. Hər üçü mühümdür və Azərbaycanla qurduğumuz əlaqələrdə zəruridir. Anlayırıq ki, özünə lazım olan təsisatları qurmaq üçün Azərbaycana müəyyən vaxt lazımdır. Bir də ki, biz, yalnız problemlərdən danışmırıq».

Dövlət katibinin müavini dialoqun çətin məqamları olduğuna da diqqəti cəlb edib. «Dialoq bizim Elmar Məmmədyarova nəyinsə düzgün olmadığını bildirməyimizdən ibarət deyil. Əlbəttə, bəzi çətin sualları qaldırdıq. Lakin bununla yanaşı, əməkdaşlıq edə biləcəyimiz yollar barədə də danışdıq. Məsələn, jurnalistlərin mübadiləsi, azad medianın inkişafına kömək və sair. Bir sıra əməkdaşlıq layihələrini müzakirə etdik. Ümid edirəm ki, söhbətimiz ətraflı olacaq, bəzi mürəkkəb məsələlərə toxunacağıq. Biz mövqeyimizi açıq bildirəcəyik, lakin həm də əməkdaşlıq yollarını axtaracağıq. Deməliyəm ki, xarici işlər naziri Məmmədyarov bizi yaxşı tanıyır, maraqlı və etibarlı həmsöhbətdir. Bəli, onun xoşuna gəlməyən bəzi şeylərdən danışdıq. Lakin o, fikrini birbaşa söyləyən adamdır və bizimlə necə işləməyi bilir».

Daniel Frid Azərbaycanın ABŞ-ın narahaçlığına səbəb olan cavablar verməsi ilə bağlı sualın cavabında isə belə məsələyə dair Azərbaycan tərəfinin izahatı ilə yaxşı tanışam, cavabını verib. «Lakin bir addım geri çəkilib düşünməmiz lazımdır, bunlar Prezident İlham Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasında bir hissə ola bilərmi? Azərbaycan yalnız bunamı qadirdir? Bəzən mən belə mövqe eşidirəm ki, “biz müxtəlifik. Biz, azərbaycanlılar, müxtəlif mədəniyyətə və mentalitetə malikik”. Doğrusu, bu izahat məni heç vaxt açmamışdır. Məncə, Azərbaycandakı demokratiya, məsələn, Portuqaliyadakı demokratiyadan fərqli olacaqdır. Onun Azərbaycana aid xüsusiyyətləri olacaqdır. İtaliyadakı demokratiyanın da italyanlara aid xüsusiyyətləri var. Siz, Bolonyaya gedəndə özünüzü yalnız Bolonyadakı kimi hiss edirsiniz. Almaniya siyasəti, Polşa siyasəti, ABŞ siyasəti - bunların hamısı nadir və müxtəlifdir. Lakin onların hamısının ümumi cəhətləri var - azad mətbuat, azad seçkilər və açıq rəqabətli siyasi mühit. Baxın, Amerikada hər gün nələr baş verir. Lakin bu, ölkəni zəiflətmir, əksinə, gücləndirir. Ümid edirəm ki, Prezident İlham Əliyev ölkəsini bu istiqamətdə aparacaqdır. Mən onunla görüşmək şərəfinə nail olmuşam. Söhbətlərimizdən çox məmnun qalmışam. Ölkəsinin gələcəyinə dair uzaqgörənliyini necə ifadə etməsinə hörmətim var. Biz Azərbaycanla işləyib buna nail olmaq istəyirik. Bu o deməkdir ki, bəzən açıq söhbət aparmalıyıq. Lakin bunu bir dost kimi edirik».

Siyasi şərhçi Rauf Mirqədirov «Amerikanın səsi» radiosuna müsahibəsində demokratiya və insan hüquqları sahəsində ABŞ-Azərbaycan dialoqunun kəskin şəraitdə keçdiyini bildirib. Onun fikrincə, Azərbaycan tərəfinin söz azadlığı, jurnalistlərin həbsdən buraxılmaması ilə bağlı inadkarlıq nümayiş etdirməsi ABŞ tərəfinə yaxşı təsir bağışlamayıb.

XS
SM
MD
LG