Accessibility links

Azərbaycan narkotranzitlərin qarşısının alınması üçün mübarizəni gücləndirməkdə maraqlıdır


"Azərbaycan cinayətkarlığın səviyyəsi baxımından nəinki MDB məkanında, eləcə də Avropanın inkişaf etmiş ölkələri ilə müqaisədə təhlükəsiz və sabit ölkədir". Bu barədə daxili işlər naziriRamil Usubov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2007-ci ilin 6 ayında respublikada 8.676 cinayət qeydə alınıb. "Cinyətlərin 93,1 faizi, ağır və xüsusilə ağır cinayətlərin isə 87,3 faizi açılıb. Cinayətlərin strukturunda qəsdən adam öldürmə və ona cəhdlər 18,4, quldurluq və soyğunçuluq 15,4, mənzillərdən oğurluq 5,9, mal-qara oğurluğu 23,9, avtonəqliyyat qaçırılması faktının sayı 11,4 faiz azalıb, banditizm və adamları girov götürmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb". Nazir transmilli xarakter daşıyan mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, habelə dayanıqlı cinayətkar dəstə və qruplara qarşı mübarizədən də danışıb. Cənab Usubovun dediyinə görə, insan alveri cinayətinə qarşı mübarizədə 138 cinayət faktı aşkar edilib, 140 nəfər cinayətə cəlb olunub, 11 cinayətkar qrup, 2 mütəşəkkil dəstə zərərsizləşdirilib. Cinayətin qurbanı olan 55 nəfər müəyyən edilib. O, son altı ayda qanunsuz narkotiklə məşğul olma cinayətlərinə görə 1119, o cümlədən satış ilə məşğul olan 383 nəfər məsuliyyətə cəlb edildiyini, 694 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə daxil olmasının qarşısının alındığını bildirib. Nazir «Amerikanın səsi» radiosunun narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı sualının cavabında bu sahədə ictimaiyyətin fəal iştirakına ehtiyac olduğunu deyib. Cənab Usubov narkotranzitlərin qarşısınını alınması üçün qonşu ölkələrlə əməkdaşlıq edildiyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə mübarizənin daha da gücləndirilməsində maraqlıdır.
XS
SM
MD
LG