Accessibility links

ABŞ Azərbaycanda vətəndaş cəmiyyəti və icma proqramları üçün 26 milyon dollar ayıracaq 


ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Bakıda Xəzər universitetində Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 57-ci ildönümü münasibətilə çıxış edib. O bildirib ki, heç bir ölkəyə demokratiyanı xaricdən idxal etmək və ya yuxarıdaqn diqtə etmək mümkün deyil, demokratiya hər bir ölkənin daxilində qurulmalıdır.« Hər bir şəxsin söz, mətbuat, sərbəst toplaşmaq, rəsmi senzuradan kənar fikrini ifadə etmək, istədiyi dinə etiqad etmək, öz hökumətini seçmək, səs vermək, özbaşına həbs və işgəncədən azad olmaq azadlıqları var. Bunlar demokratik dünyada demokratiyanın özüllərini təşkil edir. ABŞ-da əksəriyyət bu hüquqları qeyri-şərtsiz tanıyır». Səfir Azərbaycanda demokratiya və insan haqları ilə bağlı məsələlərdən də danışıb. Onun sözlərinə görə, ABŞ Azərbaycanda insan hüquqlarının, demokratiyanın və söz azadlığının dərinləşməsi üçün proqramlar həyata keçirir. "Biz Azərbaycanda hökumətin seçilməsi hüququnun dərinləşməsi üçün ölkə prezidentilə və MSK-da görüşlər keçirdik. Siyasi partiyaların və namizədlərin seçki proseduru ilə tanışlığı üçün yüzlərlə treninqlər təşkil etdik. Bu məqsədlə $4 mln dəyərində proqramlar həyata keçirdik". Səfir bildirib ki, bütün bunlara baxmayaraq seçkiqabağı və seçki günü problemlərlə rastlaşıblar. "İcra hakimiyyətləri və digər rəsmi şəxslər müdafiə etdikləri namizədlərin xeyrinə iş aparıb. Polis özbaşına həbslərə və toplaşmaq azadlığının məhdudlaşdırılmasına yol verib. Hətta bəzi məlumatlara görə, universitetlərdə müxalifətin mitinqində iştiraka görə tələbələr cəzalandırılıb. Buna qəti yol vermək olmaz". Cənab Harniş parlament seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bir daha vurğulayıb: "Seçkilər beynəlxalq standlartlara cavab verməsə də demokratiyanın bünövrəsini qurmaq uğrunda səylər müəyyən uğur qazanıb. Azərbaycan xalqı üçün bu uğur namizədlərin çıxışlarını eşitmək və istədiyi namizədə səs verməkdən ibarətdir. Seçkidə iştirak edən namizədlər növbəti seçkilərədək gözləməyəcəklərini, səylərini davam etdirmək istədiklərini bildirir. Bunun sayəsində gözləmədən vətəndaş cəmiyyəti inkişaf etdiriləck. ABŞ da növbəti seçkiləri gözləməyəcək. Növbəti beş ildə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı yeni proqramın həyata keçirilməsi üçün $15 milyon xərcəyəcək. İcmayönümlü proqramların davamı üçün isə $11 milyon dollar vəsait ayıracaq. Parlament şəffaflığının, hüquq-mühafizə orqanlarında insan hüquqlarına hörmətin dərinləşdirilməsi, məhkəmələrdə insan hüquqlarının müdafiəsinin daha da mükəmməlləşdirilməsi üçün də bu qurumlarla əməkdaşlığı davam etdirəcyik". ABŞ səfiri tələbələrin çoxsaylı suallarına da cavab verib. O, Ermənistan-Azərbaycn münaqişəsinə toxunub. Cənab Harniş bildirib ki, dünən ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Stiven Mann Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə birgə məsuldar müzakirələrdə iştirak edib. "ABŞ münaqişənin danışıqlar yolu ilə ədalətli və uzunmuddətli həllini dəstəkləyir. Hesab edirik ki, 2006-cı il münaqişənin həllinə açılan bir pəncərə olacaq. Minsk Qrupunun həmsədrləri danışıqları davam etdirmək üçün dekabrın ortalarında Bakıya gələcək. Hesab edirik ki, Qafqazda yenidən müharibə alovlansa bölgə üçün fəlakət gətirəcək. Son dövrlərdə alınmış yeni silahlara diqqət yetirsək bu, böyük dağıntılara səbəb ola bilər. İnsanların inkişafa olan ümidlərini puça çıxarar. Bu səbəbdən ABŞ münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyir". Səfir ABŞ-ın Azərbaycanda neftə və ya demokratiyaya üstünlük verməsi ilə bağlı sualın cavabında Amerikanın siyasətinin üç prinsip - təhlükəsizlik, demokratiya və enerji məsələləri üzərində qurulduğunu bildirib. "Demokratiya, bazar iqtisadiyyatı, təhlükəsizlik sahəsində islahatlar olmadan təklikdə enerji sahəsində əməkdaşlıq qurmaq mümkün deyil. Buna görə də çalışırdıq ki, daha yaxşı seçki keçirilsin. ABŞ dövlət katibinin Misirlə bağlı dediklərini diqqətinizə gətirirəm. Artıq Misirdə parlamentə 33 müstəqil deputat seçilib. Eyni arzuları Azərbaycanda da istəyirik. Əgər hökumət insanlara təzyiq etsə bu heç də azad seçkiyə gətirib çıxarmayacaq". Tələbələrdən birinin ABŞ-ın Azərbaycan polisinə ayırdığı qrantla bağlı sualı alqışlarla qarşılanıb. Sual və cənab Harnişin cavabı da maraqlıdır."Yox, yox, belə deyil. Bu proqram polisin peşəkarlığının artırılmasına, insan hüquqlarına hörmətin dərinləşməsinə və hüquq-mühafizə orqanlarında demokratiyanın artırılmasına xidmət edir". "Azadlıq" blokundan seçilən deputatların parlamentin işində iştirak məsələsi ilə bağlı ABŞ səfiri bildirib ki, "bu barədə qərarı onların özləri qəbul etməlidir". "Parlamentin işində iştirakın üstünlükləri də var. Həmin deputatlar parlamentdə öz fikirlərini söyləyə bilir, seçicilərin maraqlarını müdafiə edə bilir. Parlamentdə müxtəlif səslər olanda daha yaxşı müzakirələr aparmaq olur"-deyə səfir vurğulayıb.

XS
SM
MD
LG