Accessibility links

Bakıda dini tolerantlıqla bağlı beynəlxalq konfrans keçirilir


Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Tədbirə dünyanın 20 ölkəsindən nümayəndə heyətləri, diplomatik missiya rəhbərləri, nazirlər, deputatlar, çoxsaylı dini konfessiyaların təmsilçiləri qatılıb. Azərbaycan prezidenti İlham Əliyevin konfransa təbrik məktubunda deyilir ki, Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq şəraitində fəaliyyət göstərir. "Yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst icra edirlər. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası, vaxtı ilə bolşeviklər tərəfindən dağıdılmış rus provoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq dindarların istifadəsinə verilməsi - bütün bunlar Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir". Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Hidayət Orucov bildirib ki, konfrans təkcə regionda deyil, dünyada da tolerantlıq mühitinin möhkəmlənməsində, dinlərarası dialoqun inkişafında və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi işində əhəmiyyətli rol oynaya bilər. "Azərbaycan ərazisində bütün etnik və dini qrupların mehriban bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşamasında, regionların inkişafına çalışmasında, böyük nailiyyətlərin əldə edilməsində, nəsildən-nəslə ötürülməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların, aparıcı dini olan islamın, eyni ilə də digər xalq və dinlərin misilsiz xidmətləri olub". H.Orucov Ermənistanın işğalçılığı nəticəsində Azərbaycan xalqının çoxsaylı milli-dini abidələrinin məhv edildiyini, məscid və ziyarətgahların viran qoyulduğunu bildirib. "Son iki əsrdə milyonlarla soydaşımız etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanına çevrilib, xalqımızın tarixində böyük bir mərhələni əhatə edən alban abidələrinin tarixi saxtalaşdırılaraq qriqoryanlaşdırılıb". Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini fəaliyyət sahəsində qəbul edilən qanunların və normativ aktların bütövlükdə əqidə azadlığını təmin etdiyini bildirib. Onun sözlərinə görə, dövlətlə dini qurumlar arasında münasibətləri tənzimləmək üçün hüquqi əsas var. "Ölkəmizdə insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət səviyyəsində böyük önəm verilir. Azərbaycan hökuməti insanların əqidə seçiminə hörmətlə yanaşır, dini qurumlarla, din xadimlərilə dövlət arasında sıx əməkdaşlıq mövcuddur". İslam Konfransı Təşkilatının islam tarixi, mədəniyyəti və incəsənəti araşdırma mərkəzinin rəhbəri Xalid Ərən bu təşkilatın baş katbinin təbrikini oxuyub. Təbrikdə konfransın əhəmiyyəti islam dünyası üçün xüsusi vurğulanır. Baş katib bildirir ki, Azərbaycan hazırda təşkilatın xarici işlər və turizm nazitrləri şurasına rəhbərlik edir. Bu il isə Bakıda mətbuatda tolerantlıqla bağlı konfrans keçiriləcək.
XS
SM
MD
LG