Accessibility links

Türkmənistanın hərbi dəniz bazası və Nabucco layihəsi 


Türkmənistan yaxın vaxtlarda Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi dəniz bazasını yaradacaq. Bu bəyanatla Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
Dövlət başçısı qeyd edib ki, Türkmənistanın böyük dəniz sərhədi var və onu əsaslı şəkildə qorumaq lazımdır. “Bununla əlaqədar mənim tapşırığımla dəniz sərhədinin möhkəmləndirilməsi və Xəzərin dövlətimizə aid sahilinin kənar müdaxilələrdən qorunması üzrə xüsusi iş həyata keçirilir”, - deyə cənab Berdımuhəmmədov bildirib.
Onun sözlərinə görə, sərhəd xidməti artıq müasir sürətli patrul katerləri almağa başlayıb. “Həmçinin, Türkmənistanın hərbi dəniz qüvvələri üçün raketlərlə təchiz edilmiş iki müasir gəmi alınıb. Döyüş şəraitində bu qüvvələrdən səmərəli istifadənin təmin edilməsi üçün hərbi dəniz bazasının yaradılması zəruridir”.
Prezident bildirib ki, bu vəzifələrin 2015-ci ilədək yerinə yetirilməsi planlaşdırılır.
Azərbaycanda Türkmən liderinin bəyanatı birmənalı qarşılanmayıb. Belə ki, Türkmənistan prezidenti bundan öncə də, Azərbaycanla mübahisəli hesab edilən yataqlarla bağlı beynəlxalq məhkəməyə müraciət edilməsi üçün hökumətinə tapşırıq verib.
Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Amerikanın səsi” radiosuna rəsmi Bakının Xəzərdə silahlanmanın əleyhinə olduğunu bildirib.
Müstəqil politoloqlar isə Türkmənistanın son bəyanatlarını Rusiyanın region dövlətlərinə və Nabucco layihəsini dəstəkləyən Avropa Birliyinə qarşı təzyiqi kimi qiymətləndirir. “Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadənin fikrincə, Rusiya Xəzərdə hərbi donanmasının sərbəst hərəkətini təmin etmək üçün dənizin su səthindən azad istifadə və Xəzərdə iqtisadi layihələrin sahilyanı dövlətlərin veto hüququ ilə reallaşdırılmasına nail olmaq istəyir.
Cənab Quluzadə eyni zamanda, 2015-ci ilədək Rusiyanın Türkmənistan üçün hərbi donanma yaratmaq imkanlarının olmayacağını güman edir. O əksinə, Azərbaycanın hərbi dəniz bazasını yaratmasını vacib hesab edir. Çünki Rusiya və İran çoxdan silahlıdır.
İqtisadçı ekspert, “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Türkmənistan həm İran, həm də Azərbaycanla mübahisəli yataqlarının olduğunu iddia edir. Bu səbəbdən də, yeni yaradılacaq hərbi birləşmə əsasən bu iki dövlətə qarşı yönələ bilər.
Ekspert hesab edir ki, Türkmənistanın bəyanatları Rusiyanın ismarıcıdır. Onun dediyinə görə, prezident Berdımuhəmmədov bu günlərdə Türkiyəyə səfəri zamanı bir dəfə də belə Nabucco layihəsindən danışmayıb.
Cənab Şaban Xəzərlə bağlı mübahisələrin beynəlxalq məhkəmə perspektivinin çox az olduğunu deyir. Çünki tərəflər Xəzərin hüquqi statusu ilə bağlı razılaşma əldə edilmədən hövzəyə beynəlxalq hüququn tətbiq edilməməsi ilə bağlı öhdəlik götürüb.
“Turan” Agentliyinin şərhində isə deyilir ki, son vaxtlar Xəzərdə hərbi amil get-gedə daha çox əhəmiyyət kəsb edir. Belə ki, İran və Türkmənistan Azərbaycanın bir sıra neft yataqlarına iddia edir. 2001-ci ildə İranın bu iddiaları Xəzərin cənubunda perspektivli “Alov” strukturuna görə az qala hərbi münaqişəyə gətirib çıxaracaqdı.
Xəzərin statusunun qeyri-müəyyənliyi dənizdə silahlanmanı gücləndirir. Hazırda Xəzərdə iki mükəmməl Hərbi Dəniz Qüvvələri bazası var - Bakı və Həştərxanda.
Agentlik beynəlxalq mənbələrin məlumatına əsaslanaraq bildirir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin mühafizə gəmiləri, desant gəmiləri, axtarış-xilasetmə gəmiləri və digər hissələri var. Hərbi Dəniz Qüvvələrinin tərkibinə həmçinin “Triton” tipli kiçik sualtı qayıqları olan dəniz piyadaları batalyonu və dəniz xüsusi xidməti daxildir.
Xəzərdə İran Hərbi Dəniz Qüvvələri iki qüvvə - ordu və islam inqilabı keşikçiləri ilə təmsil olunub. Onlar Ənzəli və Nouşəhrdə yerləşir. Ümumilikdə İranın 90-a yaxın kiçik gəmisi var. Onlardan ən dəyərliləri 2003-2006-cı ildən istifadə olunan, 120 km atəş məsafəsinə malik Çin raketləri ilə təchiz edilmiş raket katerləridir. İran Rusiyadan sonra Xəzərdə dəniz zərbə raketlərinə malik olan ikinci ölkə olub.
Mövcud qiymətləndirmələrə əsasən, hazırda İran qısa vaxt ərzində Fars körfəzindən katerləri gətirməklə, Xəzərdə öz gəmilərinin sayını 1,5 dəfə artıra bilər. Hərbi Dəniz Qüvvələri komandanlığı Xəzər dənizində öz istehsalları olan raket və qayıq əleyhinə silahlarla təchiz edilmiş və üzərində vertolyot olan yeni 1000 tonluq “Mouc” tipli korvetləri genişləndirmək niyyətində olduğunu bildirib.
Qazaxstan Hərbi Dəniz Qüvvələrinin əsas bazası Aktau limanıdır. 2003-cü ilədək Qazaxıstanın Xəzərdə yalnız sərhəd katerləri və bir mühafizə gəmisi var idi. 2004-cü ildən Ukraynadan “Qrif” tipli katerlər, habelə “Kalkan” patrul katerləri alınıb. ABŞ, Türkiyə və Rusiyadan bir neçə gəmi və vertolyot alınacaq. Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sayını 3 mindən 5 min hərbiçiyə qədər artırmağı planlaşdırılır.
Hərbi Dəniz Qüvvələrinin 10 mühafizə və patrul kateri, kiçik desant gəmiləri var. Aktauda dəniz piyadaları batalyonunu inkişaf etdirəcək. Hazırda Qazaxıstan Rusiyadan sonra Xəzərdə hərbi gəmilər inşa edən ikinci ölkədir.
Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibinə ən güclü donanmaya sahibdir. Bu donanma Qara dənizdən gəmilərin Xəzərə köçürülməsi hesabına gücləndirilib. Donanmanın tərkibində bir neçə gəmi briqadası, aviasiya, sahil qoşunları var. Ayrı-ayrı hissələr Mahaçqala və Kaspiyskdə yerləşir. Rusiya donanmasının tərkibində raket, desant və digər gəmilər var. Mahaçqalada dəniz piyadaları və dəniz sərhədçiləri briqadası yerləşir.
Türkmənistan Hərbi Dəniz Qüvvələrinin bazası Türkmənbaşında yerləşir. Gəmi tərkibi 10 “Qrif” tipli patrul gəmisi və bir o qədər də başqa tipli gəmidən ibarətdir. Dəniz piyadaları batalyonu var.
Rusiyanın “Novaya qazeta” qəzeti isə yazır ki, son vaxtlar Bakı, Astana, Tehran və Aşqabad regionda hərbi iştiraklarını fəal şəkildə artırmağa başlayıblar ki, bu, təkcə siyasi fikir ayrılıqlarının güclənməsi deyil, həm də genişmiqyaslı silahlı münaqişələr yaranması təhlükəsi doğurur.
Xəzəryanı dövlətlərin fəal silahlanması onların bir-birilərinə qarşı artmaqda olan etibarsızlığının ilk göstəricisidir.
Qəzet hesab edir ki, Xəzər dənizinə bitişik regionun hərbiləşdirilməsi prosesi çox pis fonda inkişaf edir. Birincisi, Xəzəryanı dövlətlər indiyədək dənizin hüquqi statusu barədə razılığa gələ bilmir, bu isə, hövzədə vahid oyun qaydaları tətbiq etməyə imkan vermir. İkincisi, onların bəziləri arasında ikitərəfli münasibətlərdəki gərginlik aradan qaldırılmayıb. Xüsusən, Türkmənistan və Azərbaycan Xəzərin mərkəzində bu ölkələrin ərazi sularının sərhədində yerləşən Azəri, Çıraq və Günəşli neft yataqlarının mənsubluğu barədə mübahisə edir. Dənizin cənubunda da analoji vəziyyət hökm sürür - Azərbaycan və İran ümumi dil tapa bilmir. Bir dəfə Tehran artıq dəniz yataqlarına iddiasında hərbi arqumentdən istifadə edib. 2001-ci ilin avqustunda İranın Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir neçə dəfə dənizin Azərbaycan sektorunun cənubunda yerləşən Araz, Alov və Şərq yataqlarına hədələyici həmlələr həyata keçirib, bundan sonra “Britiş Petrolium” burada geoloji-kəşfiyyat işlərini dayandırıb.
”Novaya qazeta” yazır ki, İran Azərbaycanla Kəpəz (Sərdar) yatağı üzrə mübahisə edən Türkmənistana imtiyazlı şərtlərlə 7 sahil mühafizəsi gəmisi və bir esminesi uzunmüddətli icarəyə verib.
Qazaxstan Xəzərdə öz hərbi-dəniz qüvvələrini yaratmağa başlayıb. Astananın planlarına əsasən, Qazaxstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin bütün Qazaxstan sərhədində - Atırau, Bautino, Aktau və Yeraliyevo limanlarında yerləşəcək. Donanmanın vəzifəsi Xəzərdə Qazaxstan sərhədlərinin və böyük xarici sərmayələr qoyulmuş neft yataqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
Rusiya da Xəzər donanmasını fəal şəkildə gücləndirir. Onun burada artıq 2 raket freqatı və 12 patrul gəmisi var.

XS
SM
MD
LG