Azərbaycan Milli Məclisi “2008-ci il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan çoxsaylı qanun layihələrinin müzakirəsinə başlayıb.
Maliyə naziri Samir Şərifov bildirib ki, 2008-ci ilin dövlət büdcəsinin gəlirləri 7 milyard 383 milyon manat proqnozlaşdırılır, bu da cari ilin büdcəsindən 27,5 faiz çoxdur.
Gələn il dövlət büdcəsinin xərcləri ÜDM-in 32,5 faizi həcmində nəzərdə tutulub. Kəsirin maliyyələşmə mənbələri və Dövlət Neft Fondundan ayrılan 1,1 milyard manat transfert nəzərə alınmaqla 2008-ci il dövlət büdcəsinin xərcləri 8 milyard 509 milyon manat proqnozlaşdırılır. Bu, isə cari il üçün nəzərdə tutulandan 34,7 faiz çoxdur.
Onun sözlərinə görə, dövlət büdcəsi sosial–iqtisadi siyasətin əsas prioritetlərini özündə əks etdirir. «Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi ötən ilin eyni dövrü ilə müqaisədə cari ilin 9 ayında 27,1 faiz, adambaşına düşən ümumi ÜDM 25,6 faiz, orta aylıq əmək haqqı 28,2 faiz, əhalinin banklardakı əmanətləri 79,5 faiz, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 15,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər 33,1 faiz artıb. Ölkənin məcmu valyuta ehtiyatları 6,3 milyard ABŞ dollarını ötüb. Dövlət büdcəsinin gəlirləri 105 faiz, xərcləri 91 faiz icra olunub».
Müxalifətdə olan «Müsavat» deputat qrupu büdcənin müzakirəsinin mövcud qanunvericiliyə uyğun aparılmadığını bildirib. Onların fikrincə, qanun layihəsində deputatların hər hansı ciddi təklfi nəzərə alınmır.
Müstəqil deputat Əli Məsimlini isə dövlət büdcəsinin xərcəlirinin əsasən əhalinin əmək haqlarının artırılmasına deyil, təmir-bərpa işlərinə yönəldilməsi narahat edir.
Qeyd edək ki, 2008-ci il büdcəsində neftin bir barelinin qiyməti 50 dollar məbləğində götürülüb. Gələn il üçün milli valyutanın dollara münasibətdə orta illik məzənnəsi isə bir dollar üçün 80 qəpik nəzərdə tutulur.