Accessibility links

Azərbaycan hesabatda Ermənistanın işğalı barədə paraqrafın bərpasını müsbət qarşılayır   


ABŞ Dövlət Departamenti "İnsan hüquqları praktikası 2006" hesabatına Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğalı haqqında bəndi qaytarıb. Bu bənd hesabatın ilkin variantında Ermənistana aid bölməyə daxil edilmiş və sonra paraqraf hesabatdan çıxarılmışdı. Bunun ardınca rəsmi Bakı təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı Vaşinqtonda məsləhətləşmələrdən nümayişkəranə şəkildə imtina edib. Nəticədə, Dövlət Departamenti bu il martın 6-da dərc olunmuş hesabatın ilkin variantına qayıdıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dövlət Departamentinin hesabata həmin paraqrafın yenidən qaytarmasını müsbət hadisə adlandırıb. Nazir həmçinin Vaşinqtonla təhlükəsizlik sahəsində məsləhətləşmələrin davam etdiriləcəyini bəyan edib. Cənab Məmədyarov Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin təhlükəsizlik sahəsində ABŞ-a təxirə salınmış səfərinin həyata keçiriləcəyini də diqqətə çatdırıb. Xarici işlər naziri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son bəyanatını da şərh edib. Onun sözlərinə görə, danışıqlar artıq elə mərhələyə çatıb ki, çox məqamlar, çox prinsiplər müəyyənləşdirilib. Nazir həmçinin deyib ki, Kəlbəcər və Laçın rayonlarından da Ermənistan qoşunları birmənalı şəkildə çıxarılmalıdır. Bununla yanaşı, Dağlıq Qarabağdan Ermənistan hərbi qüvvələrinin çıxarılmasına dair sualdan yayınıb. Cənab Məmmədyarov referendumla bağlı müzakirələrin davam etdiriləcəyini bildirib.
XS
SM
MD
LG