Accessibility links

Harayın qonağı İran həbsxanalarında işgəncə növlərindən danışıb 


Harayın qonağı İranlı mühacir Əlirza Amanbəylidir. O 1966-cı ildə Təbrizdə anadan olub. İranda inşaat işlərində çalışıb və musiqiçilik fəaliyyəti ilə məşğul olub. 1979-1992-ci illərdə İranda azərbaycanlıların milli haqları uğrunda mübarizə aparıb. Dəfələrlə həbs olunub, həbsxanalarda işgəncələrə məruz qalıb. İranda sonuncu dəfə 1992-ci ildə Xocalı soyqırımına etiraz aksiyası keçirib və həbs edilib. Ona qarşı pantürkist, separatçılıq fəaliyyəti ittihamı irəli sürülüb. Nəhayət məhkəmədən qaçıb.

Sual: İran həbsxanalarında zorakılığın növləri ilə bağlı məqaləniz dərc olunub. İran həbsxanalarında hansı işgəncə növlərindən istifadə edilir?
Cavab: İranda polis idarələrində, həbsxanalarda, təhlükəsizlik xidmətlərinin kameralarında və məscidlərdə insanlara qarşı işgəncə verilir. Məscidlərdə müqavimət komitələri var. Könüllülərdən ibarət olan həmin komitə üzvləri mülki paltarlarda küçələrdə gəzir, dini qaydaları pozanları, siyasiləri həbs edir. Sonra həmin şəxsləri məscidlərin zirzəmisinə salıb işgəncəyə məruz qoyurlar. Bundan sonra isə tutulan şəxslər polis idarələrində, təhlükəsizlik orqanlarında psixoloji və fiziki işgəncələrə məruz qoyulur. Siyasi motivlərlə həbs edilən insanları birinci gözü bağlı şəkildə gətirirlər. Əsasən təhlükəsizlik orqanlarında belə edirlər. Sonra bir kağız qoyurlar deyirlər ki, yaz silahlar haradadır. Təbii ki, heç kim ilk anda yazmır. Başlayırlar psixoloji təzyiqlərə, sən dövlətə qaşısan, səni məhv edəcəyik, asacağıq, zorlayacağıq və sairə. Sonra fiziki təzyiqlər başlayır. Fiziki təzyiqlər şallaqla vurma, dəmir alətlə döymə, ütü və siqaretlə bədəni yandırma, ayaq altından şallaqla vurma, dırnaq çəkmə, soyundurub şaxtalı havada saxlama, susuz və ac saxlama, havasız kameralara salma, tək adamlıq kameralarda təsiredici səs buraxma, ayağı qola qandallamaq, ayaqdan asmaq və başqa növ işgəncə şəklində edilir. Bunlar mənə həbsxana həyatımdan bəllidir.
Belə fiziki işgəncələr şah dövründə də olub. Ancaq son 30 ildə kütləvi hal alıb. Bundan başqa, siyasiləri insanların gözü qarşısında asırlar. Və ya alkoqollu içki qəbul edənləri insanların gözü qarşısında soyundurub 80 şallaq vururlar.
Sual: Qadınlara qarşı hansı işgəncə növləri var?
Cavab: Kişilərə qarşı olan işgəncə növlərindən qadınlara qarşı da tətbiq edilir. Ancaq qadın həssas olduğundan onlara qarşı çoxlu zorlama halları müşahidə olunub. Adicə, bir qızla oğlanı küçədə tuturlar və aparıb qızı zorlayırlar. Elə qızlar var, bunu gizlədir, açmır, ancaq elələri də var ki, intihar edir. İranda 15-16 yaşlı qızların intihar hallarına çox rast gəlmək olur. Belə ki, bu yaşda qızlar sevdiyi oğlanla görüşür və bu zaman tutulur, aparılıb təcridxanalarda zorlanır. Hətta 1982-ci illərdə Təbriz Universitetindən yetmişədək qızı həbs etmişdilər. Həmin qızların hamısına təcavüz edilmişdi. Səbəb gətirmişdilər ki, bunlar dünyadan bakirə gedə bilməz. Ailələrinə də konfet boğçası göndərmişdilər ki, qızınız bu dünyadan bakirə getməsin deyə, onu mən aldım və edam etdik. Ailələrə belə ağır psixoloji yaralar da vurublar.
Sual: Məscidlərdə doğrudan da könüllülər var? Onlar da insanlara işgəncə verir?
Cavab: Allahın evində belə münasibətlər insana doğrudan da psixoloji cəhətdən çox ağır təsir edir. Məsələn, məni Təbrizdə Əbureyhan Sarrahi deyilən yerdə məscid məmurları həbs etdi. Mənimlə bərabər bir neçə nəfəri də gətirdilər məscidin zirzəmisinə və orada mütəşəkkil qruplar bizi dəhşətli dərəcədə döydü. Huşumuzu itirdikdən sonra komitə deyilən yerə aparıblar. Komitədə də, bizi bir neçə gün ağır şəkildə döydülər. Zorlama məsələsinə gəlincə, İranda təcridxana və həbsxanalarda kişiləri də zorlayırlar. Xüsusilə bu hal siyasilərə aid edilir ki, şəxsiyyətlərini alçaltsınlar.
İranda siyasi motivlərlə həbs edilənlərin təxminən 70 faizi müxtəlif növ işgəncələrə məruz qalıb.
Sual: Sizə qarşı daha hansı işgəncələrdən istifadə olunub?
Cavab: Məni həbs edən zaman dar bir kameraya saldılar. Hansı ki, o qədər dardır ki, adam yumulmuş vəziyyətə gəlir, tərpənə bilmir və tez zamanda iflic olur. Ayaqlarımın altından kabellə döyüblər, şallaqla vurublar. Çox ağır işgəncələrə məruz qoyublar.

XS
SM
MD
LG