Accessibility links

Elman Rüstəmov: Azərbaycan manatının devalivasiyası gündəlikdə deyil


Dünyadakı maliyyə böhranı və dərinləşən iqtisadi böhran ölkənin inkişaf dinamikasına öz təsirini göstərir. Azərbaycan iqtisadiyyatı dünya bazarında neftin qiymətindən əhəmiyyətli dərəcədə asılıdır. Eyni zamanda, Azərbaycanın bank sektoru dünya maliyyə bazarına geniş inteqrasiya edib. Bu barədə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünya maliyyə bazarının yoxa çıxması Azərbaycanın bank sektoruna ciddi təsir edib.

Cənab Rüstəmov Azərbaycan iqtisadiyyatının son beş ildə yüksək dinamika ilə inkişafının kifayət qədər ehtiyatların yaranmasına səbəb olduğunu deyib. Azərbaycan məhz bu ehtiyatlardan istifadə etməklə böhranın təsirlərini azaldacaq. O birmənalı bildirib ki, manatının devalivasiyası gündəlikdə deyil. Bu ilin yanvar-fevral aylarında manatın məzənnəsini qorumaq üçün Milli Bankın valyuta ehtiyatlarından 300 mln dollar xərclənib. Bu aylarda Azərbaycan manatı dollara nisbətdə 0,5 faiz ucuzlaşıb, avroya nisbətdə isə 9 faiz möhkəmlənib.

Cənab Rüstəmovun fikrincə, milli bank ipoteka krediti bazarına İpoteka Fondunu kommersiyalaşdırmaq yolu ilə nəfəs verməyi planlaşdırır. 2009-cu ildə İpoteka Fondunun ümumi borclarının həcmi 65 mln manat təşkil edəcək. Bununla belə, kreditlər üzrə faiz dərəcəsi artırılmayacaq, ancaq əmanətçilərə qarşı tələbləri sərtləşdiriləcək.

O ötən ilin aprel-dekabr aylarında daşınmaz əmlak bazarında qiymətlərin 12% düşdüyünü bildirib. Bununla yanaşı, bir mənzilin satılması üçün orta hesabla 437 gün lazım gəlir. Milli Bankın sədri hesab edir ki, daşınmaz əmlak bazarının aktivləşdirilməsi üçün tikinti şirkətlərinin qiymətləri ədalətli həddə qədər azaltması vacibdir.

Onun qənaətincə, 2009-cu ildə inflyasiya 5-6 faiz dərəcəsində ola bilər və bu iqtisadi aktivliyi qorumaq üçün məqbuldur.

Öz növbəsində, Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri Rasim Hüseynov hesab edir ki, maliyyə böhranı artıq böyük iqtisadi böhran mərhələsinə daxil olub. Azərbaycanda da artıq bir sıra müəssisələr bağlanıb. Ekspertin fikrincə, Azərbaycana böhran Rusiyadan gələcək, çünki bu ölkədə on minlərlə azərbaycanlı işləyir.

Cənab Hüseynov hesab edir ki, ədalətli qiymət siyasətinə keçmək üçün biznesmenlərin əlavə xərcləri azaldılmalıdır. Daşınmaz əmlak bazarında ədalətli qiymətin dərmanı korrupsiyaya və inhisarçılığa qarşı mübarizədir.

Şöbə müdirinin fikrincə, milli iqtisadiyyatın qorunması da böhranın təsirlərini azaltmaq üçün vacibdir. Bunun üçün proteksionist siyasət yürüdülməlidir.


XS
SM
MD
LG