Accessibility links

Azərbaycanda əmək qanunvericiliyi daha çox tikinti sektorunda pozulur


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinin və Dövlət Əmək Müfəttişliyinin illik hesabatı üzrə kollegiya iclası olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, son dörd ildə ölkədə 610 min yeni iş yeri açılıb. Onun fikrincə, yeni iş yerlərinin açılması yeni fəsadlara da yol açır. "Bəzi hallarda əməkçilərlə əmək müqaviləsi bağalanmır, normal iş şəraiti yaradılmır, əmək qanunvericiliyi pozulur". Nazir hesab edir ki, əmək qanunvericiliyinin ən çox tikinti sektorunda pozulur. O, hazırda istehsalatda xəsarət alanlara ödəmələrlə bağlı problemlərin olduğunu da diqqətə çatdırıb. Nazirin fikrincə, vəziyyətin çıxışın ən yaxşı yolu işçilərin icbari sığortasıdır. Cənab Ələkbərov bildirib ki, Dövlət Əmək Müfəttişliyinin, Məşğulluq xidmətinin, eləcə də müəssisələrin işinin effektivliyini artırmaq üçün qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər verilib. "Bizim məqsədimiz müəssisələri, şirkətləri cəzalandırmaq deyil, normal və təhlükəsiz iş şəraiti yaradılmasına nail olmaqdır". Nazir həmçinin bu il 54 rayonda əmək yarmarkaları keçirlidiyini və otuz minə yaxın insanın işlə təmin edildiyini bildirib. Onun sözlərinə görə, vakant iş yerləri çoxdur, lakin həmin yerləri tutmaq üçün ixtisaslı mütəxəssislər tapılmır. Dövlət Əmək Müfəttişi Nəbi Şükürlü bu il ərzində 2195 müəssisədə dövlət nəzarəti həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, il ərzində istehsalat müəssisələrində 284 bədbəxt hadisə baş verib və nəticədə 136 nəfər həlak olub, 216 nəfər xəsarət alıb. Bədbəxt hadisələrin 61-i tikinti sektorunda baş verib, 68 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Əmək müfəttişi bu il 190 tikinti şirkətində araşdırma aparıldığını bildirib. Məşğulluq xidmətinin rəhbəri Anar Bədəlbəyli biildirib ki, son dövrlər işsizliyin səviyyəsi 10,7 faizdən 6,7 faizə enib. "Bu il ərzində Məşğulluq Xidməti orqanlarına 41 831 nəfər işaxtaran müraciət edib və onlardan 29. 274-ü işlə təmin edilib. Bununla yanaşı, il ərzində 3690 nəfərə işsizlik statusu verilib, 4494 nəfərə işsizlik müavinəti ödənilib. Öz növbəsində, Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli «Amerikanın səsi» radiosuna bildirib ki, palament işəgötürənlərin məsuliyyətini artırmaq üçün bir sıra aktlara dəyişikliklər edib. O ölkə vətəndaşlarının daşıdığı diplomalara uyğun iş yerlərinin az olduğunu deyib. Əmək Liqasının sədri Sahib Məmədov isə hökumətinin işsizlik və əməyin təhlükəsizliyi ilə bağlı siyasətini düzgün hesab etmir. Onun fikrincə, hökumət səbəbləri aradan qaldırmaq əvəzində nəticələrə qarşı çarpışır.
XS
SM
MD
LG