Accessibility links

Enn Dersi: Radioların fəaliyyətinin bərpası vacibdir


Azərbaycan ABŞ üçün xarici və eyni zamanda tərəfdaş bir dövlətdir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bir qrup jurnalist üçün keçirdiyi mətbuat konfransında bildirib.

O yeni administrasiyanın gələcəkdə həyata keçirəcəyi siyasətin detalları ilə bağlı məlumat verməyin hələ tez olduğunu bildirib.

"Ancaq yeni prezident çıxışlarından müəyyən istiqamətlərdən danışıb. Prezident Obama ABŞ-ın dünyada lider rolunun saxlanılması öhdəliyini üzərinə götürüb. O qeyd edib ki, dünyada cərəyan edən əsas qlobal proseslərdə ABŞ aparıcı rol oynayacaq. Bu zaman, Amerika tərəfdaşlıq çərçivəsində məsələlərlə məşğul olacaq".

Səfirin fikrincə, daxili məsələlərdə ABŞ öz prinsiplərinə sadiq qalacaq. "Amerika daxilində partiyalar arasında ziddiyyətli və ya anlaşılmayan məqamlar yarandığı təqdirdə və bunun beynəlxalq siyasətə aidiyyatı olduqda ABŞ daxildə ümumi məxrəcə gəlib, platforma yaradacaq".
O deyib ki, ABŞ-ın xarici siyasəti üç prinsip üzərində qərarlaşacaq. "Bu diplomatiya, inkişaf və müdafiə prinsipləridir".

Səfir bildirib ki, ABŞ prezidenti eyni zamanda inkişafa dair məsələlərin mühüm önəm daşıdığını deyib. "Qlobal məsələlərin, o cümlədən yoxsulluq, səhiyyə və sağlamlığa aid problemlərin həllini vacib sayır."

Onun sözlərinə görə, prezident ABŞ-ın düşmənlərinə çox aydın və bəsit ismarıc ünvanlayıb. "ABŞ öz təhlükəsizliyini qoruyacaq."

Xanım Dersi ABŞ-ın xarici siyasətinin əsas prioritetlərindən də danışıb. "Prezident ABŞ-ın fikirlərini, ideyalarını və dəyərlərini inkişaf etdirəcəyini deyib. O deyib ki, ABŞ-ın dünyada apardığı lider rolu ordunun gücündən deyil, ABŞ dəyərlərindən irəli gəlir. ABŞ öz gücünü təhlükəsizliyini qoruduğu dərəcədə inkişaf etdirəcək. Bütün gücümüzdən, qüdrətdən istifadə edərək insanlarımızı qoruyacağıq, maraqlarımızı və ideallarımızı inkişaf etdirəcəyik".

O prezidentin ilk qərarlarından danışıb. Prezidentin Yaxın Şərq və Əfqanıstan üzrə xüsusi nümayəndələrin təyin edilməsi və Quantanamada həbsxananın başlanması ilə bağlı sərəncamlarını yada salıb. "Bütün bunlar ABŞ-ın ekstremizmə və terroristlərə qarşı mübarizə və ABŞ-ın təhlükəsizliyi çərçivəsində görülən tədbirlərdir."

Səfir Qafqaz və Azərbaycana dair ABŞ-ın hazırkı xarici siyasətinin detalları ilə bağlı məlumat verə bilməyəcəyini deyib. "Ümid edirəm və bilirəm ki, Azərbaycan ABŞ üçün vacib bir dövlətdir. ABŞ-ın burada maraqları var və bu, hər iki dövlət üçün çox böyük əhəmiyyət kəsb edir.

Düşünürük ki, xarici siyasət həyata keçiriləndə bu məqamlar prioritet kimi seçiləcək. Bilirik ki, enerji sahəsində təhlükəsizlik Azərbaycan, o cümlədən dünya üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Digər marağımız, dünyada terrorçuluğa qarşı apardığımız fəaliyyət və kütləvi qırğın silahlarının qarşısını almaqdır. Azərbaycan bu istiqamətə olan tərəfdaşlarımızdan biridir. Bir ənənəmiz də, yeni yaranmış dinc, demokratik dövlətlərə yardım etmək və dəstək verməkdir. Bu da ABŞ-ın davamlı maraqlarından biridir".

Onun sözlərinə görə, cənab Obama senator Luqarla Azərbaycanda səfərdə olub. "O buraya gəlməmişdən öncə Azərbaycanla bağlı yaxşı bir brifinq alıb. Mən ABŞ-da olarkən prezidentin Azərbaycana səfərinin və Səngəçal terminalında olan məqamları əks etdirən şəkilləri gördüm. Davamlı marağımızı və cənab Obamanın Azərbaycanda olması faktını nəzərə alaraq düşünürəm ki, ikitərəfli tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı zəmin yaranıb".
Səfir bildirib ki, cənab Obamanın prezident seçilməsi məqamında radiostansiyaların fəaliyyətinin dayandırılması ABŞ üçün gözlənilməz və məyusedici bir haldır. "Bu məqam ABŞ-ın müxtəlif qurumlarında çox mənfi əks səda doğurub. ABŞ-da olduğum zaman həm konqresdə, həm də digər həmkarlarımla söhbətlərimdə bunu hiss etdim. Radioların məhz ABŞ-ın yaranan problemin hüquqi və texniki baxımdan həlli üçün öz dəstəyini və əməkdaşlığını təklif etdiyi bir vaxtda dayandırılması, bizi xüsusilə məyus edib. Bu radiolar Azərbaycanda media mühitinin, eyni ilə də mətbuatın inkişafına böyük töhfələr verib. Eyni zamanda, bu radiostansiyalar Azərbaycanda media mühitinin bir təchizat kimi inkişafına böyük təkan verib. Azərbaycanda çoxsaylı insanlar bu radiostansiyaların həvəskarıdır. Radiostansiyalar bir neçə istiqamətdə pioner rolu oynayıb və müxtəlif tok-şou proqramları, studiyalarında təşkil etdiyi müzakirələrlə çox yaxşı imic qazanıb. Bu radiolar müxtəlif insanlarla - həm dövlət rəsmiləri, müxalifət təmsilçiləri, həm də müstəqil şəxslərlə işləyir. Radiolar media mühitinə bir müxtəliflik gətirirdi və bu müxtəliflik inkişafa təkan verən əsas amillərdən biridir. Məhz, bu ab-havada ABŞ yaranan hüquqi məsələlərin həlli istiqamətində Azərbaycana öz dəstəyini təklif etmişdi. Biz başa düşürük ki, qanunun aliliyinə əməl edilməlidir. Məhz Amerika qanunun aliliyinə hörmət edən ölkədir. Bizim məyusluğumuza, o səbəb olub ki, məhz bu vaxtda radiostansiyaların yayımı dayandırılıb. Təklifimiz o olmuşdu ki, hüquqi həllə irəlilədiyimiz vaxtda radiostansiyalar fəaliyyətini davam etdirsin. Radiostansiyaların fəaliyyətinin davamı ictimai marağa qulluq edən bir amildir. Bu məqam yeni seçilmiş administrasiya üçün böyük əhəmiyyət kəsb edir və biz Azərbaycan tərəfinə məsələnin çözülməsində konstruktiv yolun axtarılmasında dəstək verməyə hazırıq. Radiostansiyaların fəaliyyətinin bərpası hazırda çox vacib bir məqamdır. Ona görə, biz bilirik ki, Azərbaycan çox milli bir məsələnin çözülməsi qarşısındadır."
O vacib milli məsələlərdən danışarkən bildirib ki, "milli maraqlara da aidiyyəti olan məsələlər Azərbaycanın daxilində deyil, regionda da vacib əhəmiyyət kəsb edən məsələlərdir."
Səfir belə məsələlərdən biri kimi, martın 18-də keçiriləcək referendumu qeyd edib. "Bu referendum özü ilə müəyyən dəyişiklikləri gətirəcək. O ki, qaldı konstitusiyaya ediləcək dəyişikliklərə, bununla bağlı, yalnız Azərbaycan vətəndaşları öz qərarını və qiymətini verə bilər. Bu dəyişikliklərin məzmunu, detalları ilə bağlı danışmaq istəməzdim. Sadəcə beynəlxalq tərəfdaşlar, icma üçün demokratiyanın inkişafı baxımından vacib olan, dəyişikliklərin hansı tərzdə tətbiq olunacağıdır. İnsanların qərar verməsi üçün isə ictimai debatlar vasitəsi ilə tam məlumat təqdim olunmalıdır. İctimai debatlar dəyişikliklərə tərəfdar olan insanların çıxışlarını tələb edir. Bu insanlar dəyişiklikləri hansı səbəbdən dəstəklədiklərini izah etməlidir. Eyni zamanda, dəyişikliklərə qarşı çıxan insanlar da olmalıdır ki, mövqelərini izah etsin. İnsanlar isə bu mövqeləri dinlədikdən sonra müəyyən qərar verməlidir. Məhz müstəqil media bu kimi prosesə və ictimai müzakirələrin keçirilməsinə təkan verən bir strukturdur".
Xanım Dersi insanların fundamental hüquqları kimi toplaşmaq və öz fikrini izah etmək hüququnu önə çəkib. "Belə xəbərlər nəzərimizə çatır ki, məhz dövlət rəsmiləri insanların bu istiqamətdə fəaliyyətinə müdaxilə edir. Referendumda komissiya yaradılmasına dair müraciətə imza toplandığı zaman dövlət rəsmiləri bu prosesə müdaxilə edib. İstənilən məqamda, konstitusiyaya istənilən dəyişikliyin, əlavənin edilməsinin əsas şərtlərindən biri, odur ki, bu dəyişikliklər xalqın, ictimaiyyətin prosesə tam qatıldığı şəraitdə həyata keçirilə bilər. Bu proses ədalətli və şəffaf həyata keçirilməlidir. Vətəndaşlar nəticə etibarı ilə rəylərini formalaşdırmalı və nəticələrdən xəbərdar olmalıdır".
Səfir "Amerikanın səsi"nin Azərbaycanın demokratik təsisatları dayandırmasına ABŞ və beynəlxalq ictimaiyyətin "yalnız təəssüf bildirməsinin bəs etməməsi" ilə bağlı sualının cavabında deyib ki, ABŞ Azərbaycanın demokratik və müstəqil dövlət kimi inkişafında tamamilə maraqlıdır. "ABŞ bu proseslərə yaxından kömək edib və edəcək. Demokratiya, dövlət idarəçiliyi və medianın inkişafı sahəsində yardımlarımızı davam etdirəcəyik"-deyə o qeyd edib.
O suallara cavabda xarici radioların yayımı ilə məsələyə yenidən qayıdıb. "Azərbaycan qanunvericiliyi xarici yayımçılara FM dalğasında fəaliyyət göstərməyə icazə verir. Bir şərtlə ki, dövlətlərarası saziş olmalıdır. ABŞ-ın təklifi də bundan ibarətdir. Amerika Beynəlxalq Yayım Şurası Azərbaycan tərəfi ilə işləyib və sazişin hazırlanmasında təkliflərini verib. Biz bu təklifə hazırda cavab gözləyirik və ən tez zamanda bu sahədə irəliləməyi nəzərdə tuturuq".

Xanım Dersi "Amerikanın səsi"nin sualının cavabında Azərbaycan tərəfinin radiolarla bağlı təklifinə də münasibət bildirib. "Azərbaycan qanunvericiliyində radioların fəaliyyətinin davamı üçün imkanlar var. Hazırda qanunvericiliyi nəzərdən keçiririk. Sadəcə tərəfdaşlıq çərçivəsində də bu radiolar fəaliyyət göstərə bilər və belə bir presedent regionda mövcuddur. "Amerikanın səsi", "Azadlıq" regionun digər dövlətlərində bu tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir və fəaliyyətini davam etdirir. Sadəcə əsas məqam odur ki, iki tərəf bu istiqamətdə xoş niyyətini, istəyini, hazırlığını bildirməli və konstruktiv həll yolu tapılmalıdır. Nəticədə Azərbaycan ictimaiyyəti bu radioların fəaliyyətini davam etdirməsindən bəhrələnə bilsin. Məhz bu radiolar medianın təkanına öz töhfəsini verir, insanlara öz hüquqlarından faydalanmağı təbliğ edir. Hesab edirəm ki, problemin həlli istiqamətində danışıqlar davam etdirilməlidir və tez bir zamanda radiolar fəaliyyətini bərpa etməlidir. Azərbaycan üçün bu, böyük, ümdə və çox vacib məsələdir. Radiolar fəaliyyətini bərpa etdirdiyi bir təqdirdə, bu yeni administrasiya üçün çox yaxşı siqnal olar. Artıq yetirilən xələlin fəsadların azaldılmasına və tamamilə aradan qaldırılmasına yardım edə bilər".
O Ermənistana Rusiyanın silah verməsi ilə bağlı sualın cavabında deyib ki, bu barədə yalnız medianın yazdıqları ilə tanışdır. "ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli və dinc yolla həllinin tərəfdarıdır. Danışıqlar prosesinə xələl gətirən hər hansı addıma ABŞ çox mənfi yanaşacaq".

Qaz böhranı ilə bağlı suala cavabda səfir deyib ki, bu fakt Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini bir daha təsdiq edib. "Enerji təhlükəsizliyinin qorunması üçün mütləq müxtəliflik olmalıdır".

XS
SM
MD
LG