Accessibility links

Jurnalistin həbsi beynəlxalq və yerli təşkilatların etirazına səbəb olub


«Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevi məqaləsinə görə məhkəmənin 8 il yarım həbs etməsi yerli və beyənlxalq təşkilatların ciddi narazılığı ilə qarşılanıb. Eynulla Fətullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin bugünki iclasında məhkəmənin qərarı qərəzli və siyasi sifariş kimi qiymətləndirilib. Komitənin sədri Arzu Abdulalyeva bildirib ki, beynəlxalq insan hüquqları təşkilatları jurnalistin vicdan məhbusu kimi tanınması üçün Avropa Şurasına müraciət edəcək. Müdafiə Komitəsi həmçinin noyabrın 17-də baş redaktorun hüquqlarını müdaifə məqsədilə mitinq keirməyi planlaşdırır. Xanım Abdullayevanın sözlərinə görə, jurnalistin birinci işi üzrə şikayət Avropa Məhkəməsində artıq icraata götürülüb. Şübhəsiz, yaxın zamanda Avropa Məhkəməsi jurnalistin bu işini də icraata götürəcək. Hazırda 157 nəfərin daxil olduğu Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi Ağır Cinayət İşlərinə dair Məhkəmənin hökmünü pisləyən bəyanatda qəbul edib. Sənəddə deyilir ki, üzərinə beynəlxalq öhdəliklər götürmüş Azərbaycan jurnalisti dərhal azad etməlidir. "İki böyük müstəqil qəzetin redaktoruna qarşı terrorçuluq ittihamı ilə səkkiz il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası hakimiyyətin söz azadlığına və ümumilikdə mətbuata qarşı artan düşmənçiliyinin göstəricisidir". Bu bəyanatı isə mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Numan Rights Watch təşkilatı yayıb. Təşkilatın Avropa və Asiya departamentinin direktoru Holli Kartner bildirib ki, məhkəmə qərarı hakimiyyətin Fətullayev və onun qəzetlərinin "boğulması" üzrə kulminasiya nöqtəsidir. "İstintaq siyasiləşdirilib, qərar dərhal ləğv edilməli, jurnalist isə azadlığa buraxılmalıdır. Fətullayevin terrorçuluqda ittiham edilməsi absurddur. "Əliyevlər müharibəyə gedir" kimi məqalələr ABŞ, Böyük Britaniya mətbuatında tez-tez dərc olunur. Bu materiallarda deyilir ki, İraqda müharibə Amerika və Böyük Britaniyaya qarşı terror təhlükəsini gücləndirir. Bütün bunlar qanuni siyasi şərhlərdir, terrora çağırış deyil", - deyə o qeyd edib. Mərkəzi qərargahı Nyu-Yorkda olan digər məşhur təşkilat - Jurnalistləri Müdafiə Komitəsi də Eynulla Fətullayev barəsində çıxarılan hökmü "siyasi cəza" adlandırıb. Təşkilatın icraçı direktoru Coel Saymon bildirib ki: "Biz buna görə məsuliyyəti hakimiyyətin üzərinə qoyuruq və jurnalistin həbsdən dərhal azad edilməsini tələb edirik. Tamamilə açıqdır ki, Azərbaycan hakimiyyəti hüquq sistemindən öz tənqidçilərinin təqibi üçün istifadə edir". İqtidarda olan «Yeni Azərbaycan» partiyasının icra katibinin müavini Mübarizə Qurbanlı isə yerli və beynəlxalq təşkilatların bəyanatlarını qərəzlli sayır. Onun fikrincə, baş redaktor ölkə qanunları çərçivəsində cəzalandırılıb. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bunun əksinə yazıya görə jurnalistin həbsi ilə demokratiyanın bir araya sığmadığını bildirir. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də jurnalistin siyasi sifarişlə həbs edildiyini deyir. Onun sözlərinə görə, hər hansı jurnalist məqaləsinə görə həbsə atıla bilməz və bu, Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir.
XS
SM
MD
LG