Accessibility links

Azərbaycan məhkəməsi jurnalisti məqaləsinə görə səkkiz il yarım həbs edib


"Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Ağır Cinayət İşlərinə dair məhkəmənin hökmü ilə səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda məhkəmə vergidən yayınmaya görə redaktorun üzərinə 200 min manat və keçirilmiş ekspertizalara görə 3 min manat cərimə ödəmək öhdəliyi qoyub. Məhkəmə həmçinin redaksiyaya məxsus 23 kompüterin müsabirə edilməsi barədə qərar verib. Hakim Mehdi Əsədov baş redaktoru Cinayət Məcəlləsinin terrorla hədələmə , vergidən yayınma və milli ayrıseçkilik salma maddələri ilə təqsirli bilib. Dövlət ittihamçısı isə cənab Fətullayevə 10 il həbs istəmişdi. Bu, baş redaktora qarşı ikinci məhkəmə prosesi idi. Buna qədər o, böhtana görə bu ilin aprelində iki il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Sonra onu "Əliyevlər müharibəyə gedir" məqaləsinə görə məhkəməyə verdilər. Məqalədə Vaşinqton tərəfindən Tehran rejiminə qarşı hərbi əməliyyat keçiriləcəyi təqdirdə İranın Azərbaycana mümkün raket hücumu haqqında danışılır. Məhkəmə prosesində cənab Fətullayev iddianı və məhkəməni siyasi sifariş və təzyiq kimi qiymətləndirib. «Eynulla Fətullayevə qarşı ittihamların heç birini məhkəmə sübut etməyib». Bu barədə isə vəkil İsaxan Aşurov bildirib. Onun sözlərinə görə, jurnalist söz azadlığının qurbanıdır. «Eynulla Fətullayevin məqaləsinə qədər və ondan sonra bu mövzuda çoxsaylı məqalələr dərc olunub və heç kim Amerika-İran münasibətlərinin gərginliyinə təəccüblənmir. Cənab Fətullayevin "Əliyevlər müharibəyə gedirr" məqaləsi yalnız və yalnız analitik məqalədir»,- deyə vəkil qeyd edib. Çoxsaylı hüquq müdafiəçiləri, jurnalist təşkilatları, siyasi partiya rəhbərləri də jurnalistin məhkum edilməsini pisləyən bəyanatlarla çıxış edib. «Azərbaycan naminə" İctimai Forumun rəhbəri Eldar Namazov baş redaktorun həbsini hakimyyətin qisası kimi qiymətləndirir. "Azərbaycan hakimiyyəti bəyənmədiyi jurnalistdən açıq-aşkar qisas alır",-deyə o qeyd edib. Tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı isə jurnalistlərin həbsini biabırçılıq adlandırıb. «Reportyorların Azadlığı və Müdafiəsi» isntitutunun direktoru Emin Hüseynli də məhkəmənin qərarını məhkum edib. Politoloq Rasim Musabəyov «Turan» agentilyinə bildirib ki, "Bu, yolverilməz biabırçılıqdır. Çətin ki, Azərbaycanda məhkəmənin Fətullayev barədə hökmünü təqdir edəcək insan tapılsın. Jurnalisti yazdıqlarına görə həbs etmək, üstəlik belə uzun müddətə, yolverilməzdir». «Bu, Azərbaycan hökumətinin KİV-in sərbəst fəaliyyətini təmin etmək qabiliyyəti olmadığını bir daha sübut edib", - deyə digər politoloq İlqar Məmmədov bildirib. «Hökm Azərbaycan hakimiyyətinin demokratik dəyərlərə tərəfdar olduğunu bir daha şübhə altına alır və ölkənin sivil dünyada nüfuzuna mənfi təsir edəcək» -deyə cənab Məmmədov əlav edib. "Müsavat" partiyasının bəyanatında məhkəmənin hökmü "absurd" kimi qiymətləndirilir. "Bu dünyada indiyə kimi keçirilmiş ən absurd məhkəmə proseslərindən biridir. Hakimiyyət Fətullayevi ölkə rəhbərliyinin ünvanına tənqidi ifadələrinə görə cəzalandırıb»-deyə partiya bildirir.
XS
SM
MD
LG