Accessibility links

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri həbsdə aclığa başlayıb


Həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev 48 saat aclıq aksiyasına başladığını bəyan edib. O sağlamlıq durumunun ağır olduğunu və ölümlə üz-üzə qaldığını bildirir. Sabiq nazir 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib və sonradan iqtisadi cinayətlərdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum olunub. Cənab Əliyev ittihamları siyasi sifariş adlandırır. O həbsdə saxlandığı dövrdə də təzyiqlərə məruz qaldığını bildirir. “Mən nazir olarkən vergidən yayınma halları ilə, gömrük nəzarətindən kənar idxal və ixracla, rüşvətxorluqla, qanunsuz sahibkarlıqla mübarizə aparırdım. Bunun qisasını alaraq mənim özümü bu cinayətlərdə günahlandırdılar. Haqsız və cəfəng ittihamlardan müdafiə olunmaq hüququmdan məhrum etdilər. Qərəzli aparılan məhkəmədə belə bütün ittihamlar iflasa uğradı. Barəmdə sifarişli hökm çıxartdırıb 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum etdilər”. Sabiq nazir qeyd edir ki, onu dəstəkləyən hər kəsə təzyiq göstərib, bununla onu təslim etmək istəyiblər. “Qarşımda sərsəm şərtlər qoydular. Onları rədd etdikdə, dedilər ki, jurnalist Elmar Hüseynovu qətlə yetirməkdə təqsirləndirəcəklər. Etdilər də. Lakin yenə də məqsədlərinə nail ola bilmədilər. Məni öz iradələrinə tabe etdirə bilməyib fiziki cəhətdən məhv edəcəklərilə hədələdilər. Bunun nəticəsidir ki, məni ləyaqətsiz şəraitdə, divarları və döşəməsi betondan olan, havasız, təbii işıq düşməyən, darısqal, nəm və soyuq kamerada saxlayırlar. Hələ həbsdən çox əvvəl əziyyət çəkdiyim ürək xəstəliyindən müalicə olunmağıma imkan vermirlər. Əksinə xəstəliyimin daha da ağırlaşmasına çalışırlar. Yanıma müxtəlif «həkimlər» gətirib heç bir müayinə təşkil etmədən, guya «sağlam» olmağım barədə saxta arayışlar yazdırıb ictimaiyyəti aldadırlar. Vədlərinə sadiq qalıb yaşamaq hüququma açıq qəsd edirlər. Artıq məni ölümlə üz-üzə qoyublar. Bunlara etiraz olaraq başqa çıxış yolu görmədiyimdən 48 saat müddətinə aclıq elan edirəm. Vəkillərimin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəm üçün şərait yaradılmasını tələb edirəm. Qısa müddət ərzində bunu etməzlərsə, fasiləsiz aclığa başlayacam». Keçmiş nazir Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Nazirliyin ictimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyilənləri “Amerikanın səsi” radiosuna təkzib edib. Onun sözlərinə görə, Fərhad Əliyev qidadan imtina etməyib, həkim nəzarətindədir. Öz növbəsində vəkil İsaxan Aşurov sabiq nazirin sağlamlıq durumunun ağır olduğunu deyir. Onun sözlərinə görə, cənab Əliyevə tibbi yardım edilmir. Vəkil sabiq nazirə tibbi yardım göstərilməməsi ilə bağlı şikayətlərinin təmin edilmədiyini də bildirib.
XS
SM
MD
LG