Accessibility links

Amerikalı vəkil Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin hüquq  və azadlıqlarının pozulduğunu bildirib


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və «Azpetrol» şirkətinin rəhbəri Rafiq Əliyev qardaşlarının həbsi siyasi xarakterlidir, onlara qarşı irəli sürülən ittihamlar cəfəngiyyatdır. Bu barədə Fərhad və Rafiq Əliyev qardaşlarının Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında bildirib. Cənab Həsənli hesaöb edir ki, Fərhad Əliyevi məhkəməsiz istintaq altında saxlamaq üçün onu jurnalist Elmar Hüseynovun qətlində sifarişlə bağlı günahlandırırlar və bu ittihamı irəli sürmək üçün hüquq mühafiəzə orqanları cinayətkar dəstənin rəhbəri Hacı Məmmədovu danışdırıb. Müdafiə komitəsinin sədri ittihamın sübut olunmayacağına əmindir. Onun sözlərinə görə, bu il mayın 16-da Baş Prokurorun birinci müavini Rüstəm Usubovun imzası ilə deputat Pənah Hüseynliyə ünvanlanmış məktubda Elmar HüseynovuTeymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirildiyinin sübut olunduğu bildirilir. Cənab Həsənli Elmar Hüseynovun qətli ilə bağlı istintaq artıq başa çatdığını və qətlin sifarişçisinin də bəlli olduğunu deyib. Sadəcə, siyasi qərar olmadığından və sifarişçinin adının açıqlanması müəyyən siyasi fəsadlar yaradacağından çəkinirlər. Fərhad Əliyevin ABŞ-dan olan vəkili Çarlz Both müştərisinin taleyindən narahatdır. O istintaqı qərəzli olmaqda suçlayıb.«Fərhad Əliyevə qarşı münasibətdə insan haqları ilə bağlı çoxsaylı konvensiyların pozulması halları müşaiyyət olunur. Burada maraqlı bir məqam yaranıb. İstintaq müttəhimin günahını sübut etmək əvəzinə, müttəhimin günahsızlığını sübut edir, bu da hüquqa rus-sovet yanaşmasıdır və səhv yanaşmadır. Mənim müştərimin vicdan azadlığı, istintaqın onunla insan kimi davranmaq hüququ, azadlıq hüququ, ədalətli və azad məhkəməyə müraciət hüququ pozulub, onun və ailəsinin şəxsi həyatına müdaxilə edilib, siyasi diskriminasiyaya məruz qalıb. Bunlar qərbdə həyacanlı faktlar hesab olunur. Müştərimə ittiham elan edilənədək o təqsirli bilinib». Cənab Both müştərisi ilə görüşmək üçün Respublika Prokurorluğuna müraciət etdiyini və cavab almadığını bildirib. O eyni zamanda Fərhad Əliyevin hüquqlarınının müdafiəsi üçün ABŞ-da və beynəlxalq təşkilatlarla iş aparacağını deyib. «Artıq sentyabrın 6-da sabiq iqtisadi inkişaf nazirinin hüquqlarının pozulması ilə bağlı iddia Avropa İnsan Haqları məhkəməsi tərəfindən icraata götürülüb. Rafiq Əliyevlə bağlı isə çox yaxın zamanda Avropa məhkəməsinə müraciət olunacaq. Biz həm də iqtisadi məsələlərlə bağlı Amerika məhkəmələrində iddia qaldırmaq haqqında araşdırmalar aparırıq». Cəmil Həsənli bu günlərdə Rafiq Əliyevə qarşı dövlət çevrilişinə cəhdlə bağlı ittiham irəli sürüldüyünü də diqqətə çatdırıb.«Guya o sabiq maliyyə naziri ilə əlbir olaraq dövlət çevrilişinə cəhdə hazfırlaşırmış. Ancaq sabiq maliyyə naziri Fikrət Yusifov qanunsuz silah gəzdirmə ittihamı ilə məhkum edilib». Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşov isə Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin müraciətilə qəbul edilən məhkəmə qərarına əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin çoxsaylı daşınmaz əmlakına istintaq dövründə satışın qarşısının alınması məqsədilə həbs qoyulduğunu bildirib. Sabiq iqtisadi inkişaf nazirinə gəlincə, o bu gün Azərbaycan ziyalılarına və millət vəkillərinə müraciət ünvanlayıb. Cənab Əliyev “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində günahlandırılması ilə bağlı ittihama münasibət bildirib. “Heç vaxt, heç nəyin naminə , heç kimin övladının atasız böyüməsinə razı ola bilmərəm. Buna mənim tərbiyəm, mənəviyyatım yol verməz. İnsan qətllərinə və adam oğurluğuna biznes kimi yanaşan Hacı Məmmədovun məhkəməsini mənə qarşı siyasi şantaj müstəvisinə çəkənlər gec-tez ifşa olunacaqlar”. O, E. Hüseynovla bağlı istintaq işlərinə ABŞ və Türkiyənin müvafiq orqanlarının cəlb olunmasına tərəfdar olduğunu bildirib.
XS
SM
MD
LG