Accessibility links

Azərbaycanlı məcburi köçkünlərin qayıdış proqramı hazırdır


Azərbaycana səfərimin məqsədi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin vəziyyəti, Dağlıq Qarabağa qayıtmaq hüququ, qayıdışla bağlı hazırlıq xərcləri, miqrasiya proseslərinin idarə edilməsini öyrənməkdir.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin məruzəçisi Con Qrinvey Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Bakıda müvəqqəti sığınacaq tapmış və yeni salınmış qəsəbədə yaşayan qaçqınlarla, miqrasiya xidməti, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinin rəhbərləri, qeyri-hökumət təşkilatları və rəsmi şəxslərlə görüşlər keçirib.

Məruzəçinin dediyinə görə, məcburi köçkünlər əvvəllər yaşadıqları yerlərə qayıtmaq istəyir. “Biz insanların qabaqlar yaşadığı yerə qayıtmaq prinsipini təsdiq etməyə gəlmişik. Bu kateqoriya insanların müvəqqəti yaşayış şəraiti onların əvvəl yaşadıqları yerə qayıtmaq hüququnu məhdudlaşdırmır. Avropa Şurası münaqişənin tezliklə həlli üçün yeni siyasi impuls yaradacaq. Münaqişə həll edildikdən sonra bu ərazilərdə infrastruktur yaradılması üçün böyük maliyyə vəsaiti və investisiyalar lazımdır. Bunun üçün hazırlıq işləri görülməli, ərazilər minalardan təmizlənməlidir. Minaların təmizlənməsinə beynəlxalq ictimaiyyət kömək etməlidir”.

Cənab Qrinvey Azərbaycan hökumətinin məcburi köçkünlərə yaxşı yaşayış şəraiti yaradılmasında müvəffəqiyyət qazandığını deyib. “Yeni yaşayış qəsəbələrində yaradılmış yaşayış şəraiti hətta Avropa yaşayış şəraiti ilə müqayisə edilə bilər. Bu təcrübəni yaymaq da olar. Ancaq belə qəsəbələrin tikilməsi üçün böyük vəsait xərclənib. Avropanın qaçqınlar olan bir çox ölkəsində bu qədər vəsait yoxdur”.

O, Azərbaycanda miqrasiya məsələlərini də öyrəndiyini deyib. “Azərbaycanda insanlar bir vaxtlar başqa ölkələrə getməyə maraqlı idi. Hazırda Azərbaycan miqrantlar üçün maraqlı ölkəyə çevrilib”.

Məruzəçi eyni zamanda Azərbaycanda Çeçenistandan, İrandan, İraqdan, Əfqanıstandan və digər münaqişə zonalarından qaçqınlar olduğunu deyib. “Bu insanların heç bir hüququ yoxdur. Onların da hüquqları humanitar məqsədlərlə təmin edilməlidir. Bu insanlara da sığınacaq verilməli, yardım göstərilməlidir”.

Cənab Qrinvey AŞPA-da bu ilin iyununda onun məruzəsinin dinləniləcəyini deyib. “Məruzə Avropa Şurasına üzv olan 11 ölkədəki qaçqın və məcburi köçkünlərə həsr ediləcək. Dinləmələrin məqsədi bu kateqoriya insanların həyatına yeni impulslar gətirməkdir”.
Məruzəçi AŞ üzvü olan 11 ölkədə 2,8 milyon qaçqın və məcburi köçkün olduğunu deyib. Onların 1 milyonu Türkiyədədir.

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov “Amerikanın səsi” radiosuna hazırda ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün olduğunu deyib. Onun sözlərinə görə, dövlət komitəsi beynəlxalq təşkilatların köməyi ilə artıq məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün “Böyük qayıdış” proqramı hazırlayıb.

Mətbuat katibi qayıdış proqramının üç hissədən ibarət olduğunu bildirib. Proqrama dəstək üçün beynəlxalq ictimaiyyətə müraciətə də edilib.

Cənab Hüseynov məcburi köçkünlərə dəymiş ziyanında beynəlxalq bank strukturlarının köməyi ilə hazırkı qiymətlərlə qiymətləndirildiyini deyib. Onun fikrincə. qayıdış proqramının həyata keçirilməsi üçün 70 milyard dollar vəsait tələb olunacaq.

Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev son zamanlar Azərbaycanın miqrantlar üçün maraqlı ölkəyə çevrildiyini təsdiq edir. İqtisadi böhran dərinləşdikcə Azərbaycana xarici ölkələrdən gələnlərin sayı daha da çoxalacaq. O eyni zamanda, hazırda ölkədə münaqişə zonalarından gəlmiş mindən çox qaçqının olduğunu deyib. Cənab Əliyevin dediyinə görə, Azərbaycan 2008-ci ildə cəmi bir nəfər xarici vətəndaşa qaçqın statusu verib.


XS
SM
MD
LG