Accessibility links

Vaşinqtonda GUAM-ABŞ konfransı keçiriləcək


Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM -ın dövlət və hökumət başçılarının II zirvə toplantısı çərçivəsində GUAM-ABŞ görüşü keçirilib. AzərTAS dövlət agentilyinin məlumatına görə, görüşdə ABŞ GUAM-ı dəstəklədiyini, inkişafında maraqlı, bölgədəki münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Görüşdə azad ticarət zonasının inkişaf etdirilməsində, nüvə və radioloji təhlükəsizlik məsələlərində üzv ölkələrə yardımın təmin edilməsində, habelə müxtəlif təyinatlı yüklərin daşınmasının həyata keçirilməsində GUAM-ın səyləri yüksək qiymətləndirilib. Agentlik bildirir ki, GUAM tərəfi təşkilata texniki və maliyyə yardımına görə ABŞ hökumətinə təşəkkürünü bildirib. ABŞ GUAM-ın yenicə yaradılmış katibliyinin fəaliyyətinin ilkin mərhələsi üçün maddi dəstək göstərməyə hazır olduğunu bəyan edib. Görüşdə həmçinin GUAM-ABŞ çərçivə proqramının inkişaf etdirilməsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib. GUAM-ABŞ çərçivə proqramı, GUAM Virtual Hüquq Mühafizə Mərkəzi, habelə ticarət və nəqliyyat layihələrinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, GUAM üzvləri Birləşmiş Ştatların təşəbbüsü ilə yaradılmış GUAM Avratlantika Məşvərət Qrupunun fəaliyyətinin səmərəliliyini xüsusi qeyd edib. GUAM Avratlantika Məşvərət Qrupu GUAM-ABŞ çərçivə proqramının həyata keçirilməsində vasitəçi kimi özünü sübut edib. Tərəflər beynəlxalq terrorizmə qarşı mübarizə, Avropa-Asiya Transxəzər əlaqələrinin genişləndirilməsi, enerji təminatının şaxələndirilməsi vasitəsilə enerji təhlükəsizliyinin güçləndirilməsi, təbii qazın və neftin nəqli üçün infrastrukturun inkişaf etdirilməsi, eləcə də sabit iqtisadi artım və demokratik islahatların davamlılığı üzrə əməkdaşlığı gücləndirməklə bağlı səylərini artırmaq istəklərini də bildirib. Birləşmiş Ştatlar, GUAM-a üzv dövlətlərin Avropa İttifaqı ilə əməkdaşlığı daha da genişləndirməyə marağını alqışlayıb. Sonda siyasi dialoqun davamı kimi 2007-ci ilin payızında GUAM milli əlaqələndiriciləri və ABŞ Dövlət Departamentinin rəsmiləri arasında müzakirələrin keçirilməsi razılaşdırılıb. Bundan əlavə, Vaşinqtonda GUAM ölkələri və ABŞ hökuməti rəsmilərinin iştirakı ilə GUAM-ABŞ konfransının keçirilməsi, habelə növbəti GUAM-ABŞ görüşünün BMT-nin Baş Məclisinin 62-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilməsi razılaşdırılmıb.
XS
SM
MD
LG