Accessibility links

Gürcüstandakı prezident seçkilərinə Azərbaycandan baxış


Dünən Gürcüstanda prezident seçkiləri keçirilib. Exitpolun nəticələrinə görə, Mixail Saakaşvili səslərin 50 faizdən çoxunu qazanacaq və seçkilərin ilkin nəticələri də bu proqnozu təsdiq etməkdədir. Gürcüstan Azərbaycanın müttəfiqidir və bu iki ölkə regionun ən böyük iqtisadi layihələrində partnyordur. Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyində də mühüm ölkələr hesab edilir. Hər iki ölkə Avropa Şurasının, ATƏT-in üzvüdür və NATO ilə sıx əməkdaşlıq edir. Gürcüstanda prezident seçkiləri ilə yanaşı, əhali ölkənin NATO-ya üzv olması ilə bağlı məsələyə də münasibət bildirib. Azərbaycanda isə 2008-ci ildə prezident seçkiləri keçiriləcək. Məhz bu baxımdan Gürcüstanda seçkilərin necə keçirilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Azərbaycanın rəsmi hakmiyyəti Gürcüstandakı seçkilərə böyük önəm verir və bu ölkədə stabilliyə tərəfdardır. Xarici İşlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, seçkilərin nəticələrindən asılı olmayaraq Azərbaycan strateji tərəfdar kimi Gürcüstanla münasibətlərini davam etdirəcək. Azərbaycanın müxalifət partiyaları Gürcüstanda demokratik seçki keçirildiyi fikrindədir. «Müsavat» partiyasının başqanı İsa Qəmbər bu seçkiləri Gürcüstan demokratiyasının imtahan dövrü adlandırır. Cənab Qəmbər Gürcüstan və Azərbaycandakı seçkiqabağı mühitə də münasibət bildirib. Onun fikrincə, iki ölkədəki seçkiqabağı şərait çox fərqlidir. Politoloq Eldar Namazov isə Gürcüstanda hökumətin xalqın istəyi ilə işlədiyini bildirib. Onun fikrincə, xalq seçkilər tələb etdi, hökumət də seçkiləri elan etdi və keçirdi. Politoloq Gürcüstan seçkilərini bölgədə demokratiya yolunda atılmış addım kimi dəyərləndirir. Eyni zamanda o da Azərbaycanda və Gürcüstanda seçkiqabağı vəziyyəti fərqli görür.
XS
SM
MD
LG