Accessibility links

Azərbaycanda ictimai-siyasi təşkilatlar Dağlıq Qarabağla bağlı müzakirələr keçirib


Vətəndaş Həmrəyliyi Partiyası və Norveçdə fəaliyyət göstərən Quzey - Güney Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Dağlıq Qarabağ probleminin həllində siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə çoxsaylı siyasi partiya rəhbərləri, deputatlar, diaspor təşkilatlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.
Forum iştirakçıları münaqişənin siyasi və hərbi yolla həlli məsələlərinə diqqəti çəkib, Azərbaycanda yaşayacaq ermənilərin statusu ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər münaqişənin siyasi yolla həllinin mümkünsüz olduğunu bildirib və hüquqi həll yoluna üstünlük verilməsini vacib sayıb. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib. “Minsk Qrupu fəaliyyətini Azərbaycanın daxili vəziyyətinə uyğun qurur. Minsk qrupu ölkə daxilində ictimai-siyasi təşkilatlar arasında birlik olmamasından istifadə edərək istədiyini diktə edir”.
Norveçdəki Quzey - Güney Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin direktoru Yadigar Zəkəriyyə müharibə təbliğatının Azərbaycan üçün qəbuledilməzliyini desə də, problemin həllini müharibəyə hazırlıqda gördüyünü bəyan edib. Onun fikrincə, siyasi gücə malik olan dövlət öz iradəsini müharibəsiz də qəbul etdirə bilər. “Müharibəyə hazırlaşmaqla, Dağlıq Qarabağı danışıqlar yolu ilə qaytaracağımıza əminəm. Artıq zaman Azərbaycanın xeyrinə işləməyə başlayır”.
Forumda problemin həlli ilə bağlı bugünkü siyasətin fəlsəfəsində dəyişikliyin vacibliyi qeyd edilib. Müsavat Partiyasının Divan üzvü, deputat Nəsib Nəsibli, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov problemə Ermənistanın işğalçılığı fəlsəfəsindən yanaşmağı vacib sayır. “Azərbaycanın əraziləri işğaldadır. Ermənistan işğalçı dövlətdir. Bunu sübut edən BMT-nin və başqa beynəlxalq təşkilatların sənədləri mövcuddur. Bu səbəbdən də sülh danışıqları deyil, Ermənistanın işğalının ləğvi ilə bağlı danışıqlar aparılmalıdır”, - deyə deputat vurğulayıb.
İ. İsmayılov isə beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu qınayıb. “Minsk qrupu öz müqəddəratını təyin etmə hüququndan danışır. Qərb dövlətləri Azərbaycan ərazisindəki işğalçılara, separatçılara yardım edir. Separatçıların, işğalçıların öz müqəddəratını təyin etmə hüququ varsa, basklar, korsikalılar, sinklər və irlandların bu hüququ niyə tanınmır?”, - deyə o sual edib.
Q. Həsənquliyev müxalifətdə olan bir sıra siyasi partiyaların Avropa Şurası qarşısında münaqişənin siyasi yolla həlli barədə öhdəlik götürdüyünü xatırladıb. “Bu partiyalar öhdəliklərindən imtina ilə bağlı bəyanatla çıxış etməli və iqtidara işğal altında olan ərazilərin qaytarılması ilə bağlı təzyiq siyasəti yürütməlidir”, - deyə o qeyd edib.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu münaqişənin siyasi yolla həllinin olmadığını deyib. “Çünki Minsk qrupunun həmsədr dövlətləri münaqişənin həllini istəmir və bu dövlətlər arasında mövqe birliyi yoxdur. Müharibə üçün isə siyasi iradə yoxdur. Digər tərəfdən, Azərbaycanda müharibə bəyanatları səslənəndə Gürcüstanı göstərirlər. Bu səbəbdən də münaqişənin həlli məsələsi siyasi müstəvidən hüquqi müstəviyə keçirilməlidir”.
S.Cəlaloğlu Azərbaycan diaspor təşkilatlarını olduqları ölkələrin parlamentlərinin Ermənistanı işğalçı dövlət kimi tanıması üçün fəaliyyət göstərməyə çağırıb.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Avropa Şurasının Venesiya Komissiyasının Avropa qanunlarına görə “milli azlıqların müqəddəratı yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində muxtariyyət formasında ola bilər” tövsiyəsini xatırladıb. “Biz mədəni muxtariyyətlə yanaşı, Dağlıq Qarabağın idarəetmə forması haqqında da müzakirələr aparmalıyıq”.
Deputat münaqişənin indiki zamanda həllinin mümkün olmayacağını da xatırladıb. “Münaqişəni yaradan Rusiya və İran hazırda nizamlanmaya imkan vermir”.
Deputat Vahid Əhmədov bir sıra media orqanlarında ordunun tənqidinin əleyhinə çıxıb. Onun fikrincə, Madrid prinsipləri qəbul edilərsə, bütövlükdə siyasi müxalifət günahkardır.
V.Əhmədov gələcək perspektivdə Azərbaycan üçün ermənilərlə yanaşı, kürd azlığının da ciddi problem yaradacağına işarə edib. “Azərbaycanın güclü ordusu var. Ordu barədə mövcud yazıların ortaya çıxması ordunun başında türkün olması ilə bağlıdır. Qara qüvvələr çox çalışır ki, ordunu ələ keçirsin. Hazırda Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı var”.
Dünya Azərbaycanlıları Konqresinin daimi Şurasının sədri Əjdər Tağızadə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət rəhbərlərinin siyasi partiyalarla və qeyri-hökumət təşkilatları ilə dialoq aparmasını vacib sayır. “Azərbaycanda dialoqa böyük ehtiyac var. Tərəflər bütün iddialarını kənara qoyaraq, dialoqa başlamalıdır”, - deyə o qeyd edib.
Foruma sədrlik edən Sabir Rüstəmxanlı isə Qarabağ problemi ilə bağlı hazırlıq komissiyası yaradılmasını irəli sürüb. “Bu komissiya Ümumrespublika Qarabağ Forumunu hazırlamalıdır”, -deyə o qeyd edib.

XS
SM
MD
LG