Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı araşdırmalara başlayıb. O bir həftəlik səfəri zamanı prezident İlham Əliyev, parlament üzvləri, ədliyyə, daxili işlər, milli təhlükəsizlik, səhiyyə nazirləri, Qaçqınkomun sədri, ombudsman, o cümlədən, insan hüquqlarına məsul olan əsas dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirəcək. Cənab Hammarberq «Amerikanın səsi» radiosunun sualının cavabında ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı yekun hesabat hazırlayacağını deyib. "Buraya uşaq hüquqları, o cümlədən, nigahdan kənar doğulmuş uşaqlar, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin sərbəst şəraitdə fəaliyyət göstərməsi üçün lazım olan şərtlər, KİV sahəsində vəziyyət, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılması, qadınlar və qadın hüquqları barədə müzakirələr daxildir. Həbsdə olan şəxslər, işgəncəyə məruz qalma, qeyri-insani davranma məsələləri də müzakirə mövzusu olacaq. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərlə bağlı məsələnin müzakirəsi də gündəlikdə durdur».
O, "Amerikanın səsi» radiosunun jurnalistlərin həbsi ilə bağlı sualının cavabında «məsələnin müzakirəsinin gündəlikdə durduğunu» vurğulayıb. "Əlbəttə, biz insan hüquqları ilə bağlı bütün məsələləri nəzərdən keçiririk. Hökumət ötən ilin dekabrında insan hüquqlarının vəziyyəti ilə bağlı fəaliyyət planını təsdiq edib. Həmin fəaliyyət planının həyata keçirilmə vəziyyətini öyrənmək diqqət mərkəzimizdədir. Sərbəst toplaşmaq və söz azadlığı fundamental hüquqlardır və onların müdafiəsi vacibdir".
Komissar jurnalistlərin həbsi ilə bağlı məsələni dövlət başçısı ilə görüşündə də müzakirə edəcəyini bildirib. "Prezidentlə görüşümüzdə ümumilikdə KİV-lə bağlı məsələ və Avropa Şurasının tövsiyələrinin yerinə yetirilmə vəziyyəti diqqətimizdə olacaq".
Cənab Hammarberq bu gün Azərbaycanın hüquq müdafiə, vətəndaş cəmiyyəti, uşaq hüquqları və media təşkilatlarının nümayəndələri ilə görüşüb. Vətəndaş cəmiyyətinin nümayəndəsi Hikmət Hacızadə görüşdə vətəndaş cəmiyyətlərinin acınacıqlı vəziyyəti ilə bağlı məlumat verildiyini bildirib.
Uşaq hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşiklatları Alyansının Milli koordinatoru Nabil Seyidov insan haqları üzrə komisarın uşaq hüquqlarının qorunma vəziyyəti ilə maraqlandığını deyib. Onun sözlərinə görə, uşaqların çoxsaylı problemləri həllini gözləyir.
Avropa Şurasının insan haqları üzrə komissarının jurnalist təşkilatlarının rəhbərləri ilə görüşündə isə mətbuatın mövcud durumu və həbsdə olan jurnalistlərlə bağlı fikir mübadiləsi aparılıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseyn görüşdə mətbuatın durumu, söz azadlığı, internetə nəzarət, elektron mətbuatın vəziyyəti ilə bağlı məlumatın komissara təqdim edildiyini bildirib.
Hüquq müdafiəçiləri ilə görüşdə insanların fundamental azadlıqlarının müxtəlif asrektləri ətrafında fikir mübadiləsi aparılıb. Hünquq-müdafiəçisi Səidə Qocamanlı diqqtətdə olan əsas mövzulardan birinin də siyasi məhbus problemi olduğunu vurğulayıb. Onun sözlərinə görə, komissar həbsxanadakı xəstə məhbuslara da baş çəkəcək.
İşgəncələr Əleyhinə Azərbaycan Milli komitəsinin sədri Elçin Behbudov ölkədə işgəncələrin varlığı ilə bağlı məlumat verib. O işgəncələrlə bağlı altı aylıq hesabatını insan hüquqları üzrə komissara təqdim edib.