Accessibility links

Azərbaycan məhkəməsi blogerləri həbsdə saxladı


Bakının Səbail məhkəməsində blogerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında məhkəmə prosesinin sentyabrın 16-na təyin edilməsi barədə qərar qəbul edilib. Məhkəmədə çoxsaylı beynəlxalq təşkilatların, səfirliklərin
nümayəndələri, jurnalistlər iştirak edib. Bununla belə, onlarla insan məhkəmə zalında yer olmadığından küçədə gözləməli olub.
Hakim müdafiə tərəfinin blogerlər barədə seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi, məhkəmədə medianın video, foto çəkiliş və audio yazı aparması ilə bağlı vəsatətlərini təmin etməyib.
Adnan Hacızadə və Emin Milli iyulun 8-də kafedə hücuma məruz qaldıqları səbəbi ilə zərərçəkmiş kimi polisə müraciət edib. İstintaq blogerləri zərərçəkmiş kimi deyil, təqsirləndirilən şəxs qismində tanıyıb. Məhkəmə isə barələrində həbs qət imkan tədbiri seçib. Onlara qarşı xuliqanlıq və bədənə az xəsarət yetirmə ittihamı irəli sürülüb.
Çoxsaylı beynəlxalq təşkilatlar, hökumətlər, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən blogerlərin həbsdən azad edilməsini və onlar barədə ədalətli məhkəmə keçirilməsini istəyib. Bunun əksinə olaraq, bu gün keçirilən hazırlıq iclası çoxlarını məyus edib. Onlar məhkəmənin ədalətli araşdırma aparmadığını deyib. Vəkil İsaxan Aşurov da hazırlıq iclasının ədalətli olmadığı fikrindədir.
Vəkil Elton Quliyev blogerlərin həbsini və məhkəməsini siyasi adlandırıb.
Hazırlıq iclasına qatılan deputatlar da məhkəmənin ədalətli olmadığını deyir. Deputat Pənah Hüseyn məhkəmənin siyasi sifarişli təsiri bağışladığı fikrindədir.
Beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri məhkəmənin blogerləri həbsdən azad etməsinə tərəfdardır. Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson ABŞ hökumətinin blogerlərin azad edilməsi məsələsini qaldırdığını deyib. “Emin Milli və Adnan Hacızadə həbs olunan vaxtdan ABŞ-ın Azərbaycandakı səfirliyi məsələni yaxından izləyir. Biz, bu məsələni Azərbaycan hökumət rəsmiləri qarşısında qaldırmışıq və gözləyirik ki, Emin Milli və Adnan Hacızadənin hüquqlarına hörmət və prosesual qaydalara ciddi əməl olunsun”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar hər bir ölkədə demokratik proseslərin ayrılmaz hissəsi olan ifadə azadlığı və sərbəst toplaşmaq mühitini təmin etmək istiqamətində Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə işləmək üçün öhdəlik götürüb.
Hüquq müdafiəçiləri də məhkəməni siyasi sifarişli hesab edir. Onların fikrincə, sifariş olmasa idi, məhkəmə vəkillərin vəsatətlərini təmin edərdi. Hüquq müdafiəçisi Arzu Abdulla iqtidarı blogerlərə qarşı ədalətli olmağa çağırır.
Adnan Hacızadənin atası Hikmət Hacızadə isə oğlu ilə görüşdən sonra blogerlərin peşman olmadığını deyib. Onun fikrincə, həbs və istintaqda siyasi çalarlar çoxdur.
Məhkəmə prosesini həbsdə olan jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayevin ailə üzvləri də izləyib. Onlar bütün siyasi məhkəmələrin bir-birinə bənzədiyini diqqətə çatdırıb. Qənimət Zahidin həyat yoldaşı Ayəndə xanım hətta blogerlərə qarşı irəli sürülən ittihamların da Qənimət Zahidin ittihamları ilə eyni olduğunu bildirib.
Emin Fətullayev isə oğlu Eynullanın məhkəməsinin də belə balaca zalda keçirildiyini və jurnalistlərin bayırda qaldığını deyib.

XS
SM
MD
LG