Accessibility links

Müxalifət qəzetinin müxbiri  özünün və ailə üzvlərinin təzyiqə məruz qaldığını bildirir


“Yeni Müsavat” qəzetinin Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyev açıq məktubla ölkə prezidentinə və Naxçıvan Ali Məclisinin sədrinə müraciət edib. Bu barədə müxbir bu gün keçirdiyi mətbuat konfransında bildirib. Mətbuat konfransında ABŞ səfirliyinin və Avropa Şurasının Bakı ofisinin nümayəndələri iştirak edib. Cənab Mehdiyev deyib ki, o Naxçıvan Milli Təhlükəsizlik nazirliyinin Şərur rayon şöbəsinin əməkdaşları tərəfindən 2007-ci ilin sentyabr 22-də səbəb göstərilmədən saxlanıb və işgəncələrə məruz qalib. Öz dediyinə görə, qabırğası sınıb. Yalnız beynəlxalq təşkilatların və ABŞ səfirliyinin müdaxiləsindən sonra jurnalist azad buraxılıb. Jurnalist dövlət başçısına müraciətində pozulan hüquqlarının bərpa edilməsini, maddi və mənəvi zərərin ödənilməsini, Naxçıvanda jurnalist fəaliyyətinin davam etdirməsi üçün şərait yaradılmasını tələb edir. Onun sözlərinə görə, azadlığa buraxıldıqdan sonra belə ailə üzvlərinə və yaxınlarına təzyiqlər davam edir. Hazırda ailə üzvlərinin həyatına təhlükələr var. ABŞ səfirliyinin əməkdaşı Dmitri Taraxovski Ameriknın Azərbaycanda mətbuatın son durumundan narahat olduğunu bildirib. «Biz situasiyanı yaxından izləyirik. Hesab edirik ki, demokratiya üçün müstəqil və azad mətbuat çox vacibdir.» Cənab Mehdiyevin işgəncəyə məruz qalması ilə bağlı Naxçıvan Milli Təhlükəsizlik nazirliyindən məlumat almaq mümkün olmayıb. Azərbaycan Milli Təhlükəsizlik nazirliyindən isə jurnalistin Naxçıvanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına inanmadıqlarını bildiriblər. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxbirin müraciətlərinə cavab verilməməsi ilə bağlı dediklərinə inanmır. Onun sözlərinə görə, hökumət orqanları bütün müraciətlərə cavab verir. «Jurnalistlərə qarşı zorakılığa son qoyulmalı, günahkarlar mütləq cəzalandırılmalıdır. Hökumətlər yalnız zorakılıq faktlarını araşdırmalı deyil, həm də jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz şərait yaratmalıdır. Biz hökumətlərdən belə cinayətlərin araşdırılması standartlarına riayət etməyi tələb etməliyik". Bu bəyanatı isə Strasburqda Avropa Şurasında mətbuat konfransında ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti verib. Onun sözlərinə görə, böhtanın dekriminallaşmasına və buna görə cəzanın cinayət məsuliyyətindən çıxarılmasına nail olmaq lazımdır. "Jurnalistlərə qarşı istənilən zorakılıq senzura kimi qiymətləndirilməlidir. Jurnalistlərin təqibi yolverilməzdir, belə ki, özünüsenzuraya səbəb olur. İstənilən redaktor təqib zamanı özünüsenzura hiss edir, bu isə demokratik cəmiyyətdə yolverilməzdir", - deyə o qeyd edib. Cənab Haraşti Azərbaycanda ötən ilin dekabrında verilən əfv fərmanının alqışlayıb. « Hər il belə əfv fərmanı verilir. Buna baxmayaraq hələ də həbsdə olan jurnalistlər var. Azərbaycan böhtana görə cinayət məsuliyyətini ləğv etməlidir. Mən yeddi dəfə Azərbaycan hakimiyyətinə bütün həbsdə olan jurnalistləri azad etmək xahişi ilə müraciət etmişəm, həm də üç dəfə bilavasitə prezidentlə əlaqə yaratmışam". Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri Əli Həsənov cənab Haraştinin bəyanatına münasibət bildirərkən, ATƏT-lə əməkdaşlığın davam etdirildiyini deyib.
XS
SM
MD
LG