Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bir qədər öncə ABŞ-a etdiyi səfər zamanı, demokratiya və insan hüquqları məsələləri onun rəsmi şəxslərlə Vaşinqtonda keçirdiyi körüşlərin və danışıqların diqqət mərkəzində olub. Qarşıdan gələn həftələrdə bu sahədə məsləhətləşmələri davam etdirmək məqsədilə dövlət katibinin müavini Barri Lounkron yenidən Azərbaycana gələcək. Bu barədə «Amerikanın səsi» radiosuna ABŞ Dövlət Departamentinin illik hesabatında demokratiya, insan hüquqları və KİV azadlığı sahəsində Azərbaycanın ünvanına səslənən tənqidi şərh edən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Conatan Henik bildirib. Mövcud hesabatın rəsmi KİV-lərdə tənqid olunmasına münasibət bildirən Henik deyib ki, ABŞ administrasiyası rəsmi Bakı ilə normal işgüzar əlaqələr saxlayır və qeyd edilən problemlər gündəlikdə qalır. "Mən bu mövzulara dair keçirilən hər görüş haqqında bəyanat vermək istəmirəm, lakin biz daimi məsləhətləşmələri davam etdiririk", - deyə o qeyd edib.