Accessibility links

ABŞ-ın xarici yardımlar üzrə direktoru Bakıda səfərdədir


Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Administratoru və ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta H. For Azərbaycanda səfərdədir.

O prezident İlham Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər rəsmi şəxslərlə görüşüb. Xanım Hennietta ABŞ və Azərbaycan biznes rəhbərləri ilə də görüş keçirib.

O bildirib ki, prezident İlham Əliyevlə görüşü zamanı USAİD-in Azərbaycanın kənd təsərrüfatı sektoruna, suvarma sisteminə, fermerlərə, özəl maliyyə sektoruna, korrupsiyaya qarşı mübarizəyə, təhsil, demokratik dövlət quruculuğu sahələrinə kömək etməyə hazır olduğunu bəyan edib.

Administrator eyni zamanda, biznes rəhbərlərini USAİD-in Qlobal İnkişaf Alyansı barədə məlumatlandırıb. “Qlobal İnkişaf Alyansı mexanizminin geniş istifadəsi İSAİD-in əsas prioritetidir. Mən, USAİD-in hər bir missiya rəhbərini və bürosunu ayırdığımız resursu üç dəfə artırmağa çağırıram. Məqsədimiz alyansımızın strateji dəyərini artırmaqla dünyada davamlı inkişaf yollarını axtarmaqdır”.

O hesab edir ki, USAİD ictimai və özəl sektoru bir araya gətirməklə, ən yaxşı ideyaları idarəetmə texnikasına tətbiq edir və daha sabit, demokratik və bazar iqtisadiyyatı yönümlü cəmiyyətin yaranmasına kömək edir.

“Artıq USAİD-in Qlobal İnkişaf Alyansı Proqramı Azərbaycana gəlib. Biz Amerikanın Azərbaycandakı Ticarət Palatasının bəzi üzvlərinin iştirakı ilə iki ictimai-özəl əməkdaşlıq yaratmışıq. USAİD və BP-nin rəhbərlik etdiyi neft şirkətləri konsorsiumu Təcili Tibbi Yardımın İnkişafı Təşəbbüsünü həyata keçirmək üçün Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir. Şevron və StatoilHydro şirkətləri USAİD-in layihəsi vasitəsilə Azərbaycanda orta və ali təhsil alanların sahibkarlıq və liderlik qabiliyyətlərini inkişaf etdirməyə kömək edəcək. Biz hazırda əlavə imkanlar axtarışını fəal şəkildə davam etdiririk”, - deyə o qeyd edib.

Xatırladaq ki, USAİD Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Agentlik Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və enerji resurslarından daha səmərəli istifadəyə kömək məqsədi ilə 284 milyon dollar yardım göstərib.

XS
SM
MD
LG