«Azadlıq» seçki bloku parlament seçkilərindən sonra Bakıda üçüncü böyük etiraz aksiyasını keçirib. On minlərlə insanın iştirak etdiyi mitinqdə «Azadlıq» blokuna daxil olan Müsavat, Xalq Cəbhəsi, Demokrat partiyaları ilə yanaşı, Milli Birlik Hərəkatı, YES bloku, Milli İstiqlal, Milli Demokrat, Xalq Cəbhəsi klassiklər partiyları, çoxsaylı gənclər təşkilatları və müstəqil deputatlığa namizədlər qatılıb. Diqqəti çəkən odur ki, müxalifətin mitinqləri artan xəttlə inkitşaf edir və günbəgün oturaq aksiyalara keçməyi və istefa şüarlarını dəstəkləyənlərin sayı artmaqdadır. Aksiyada «Azadlıq», «Azad seçkilər» şüarları da səsləndirilib. Natiqlərin hamısı seçkilərin nəticələrinin ləğvini və yeni seçkilərin keçirilməsini tələb edib. Müsavat partiyasının başqanı İsa Qəmbər bildirib ki, hakimiyyət ölkədə vəziyyəti daha da gərginləşdirmək məqsədilə təxribatlar planlaşdırır. O aksiya iştriakçılarını təxribatlara uymamağa çağırıb. Müsavat başqanı qərb dövlətlərini, xüsusilə də ABŞ-ın dünyada demokratiya ilə bağlı bəyanatlarına sadiq qalmasının vacibliyini bildirib. Cənab Qəmbər ölkədə yaranmış siyasi böhranın aradan qaldırılması üçün dialoqun vacibliyini də nə çəkib. Milli Demokrat partiyasının sədri İsgəndər Həmidov hakimiyyətin demokratik seçki keçirmək iqtidarında olmadığını deyib. Onun fikrincə, demokratik seçkilərə gedən yol inqilabdan keçir. AXC-klassiklər partiyasının sədri Mirmahmud Mirəlioğlu ilk dəfə olaraq «Azadlıq» blokunun tədbirinə qatılıb. O ölkədə demokratik hərəkatın uğurlarını müxalifətin birliyində görür və büna misal kimi Atatürkün türk gəncliyinə məşhur müraciətini xatırladıb. Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin sözlərinə görə, ilkin nəticələrə görə müxalifətin parlamentə seçilmiş doqquz deputatlığa namizədi öz mandatından imtina edəcək. O müxalifətin mandat uğrunda deyil, demokratik islahatlar uğrunda mübarizə apardığını da diqqətə çatdırıb. AMİP sədri Əli Əliyev isə çıxışını emosional notlar üzərində qurub. O dəfələrlə meydana müraciət edərək mitinqçilərdən sonadək mübarizədə davamlı olacaqlarını sual edib. AXCP sədri Əli Kərimli bildirib ki, azad seçki uğrunda mübarizə yeni başlayıb, əhalinin etirazı ölkə regionlarını əhatə etməkdədir və yaxın vaxtlarda müxalifət daha əməli addımlar atacaq. O hökumətin seçki cinayəti törətdiyini də diqqətə çatdırıb. Məhz bu səbəbdən cənab Kərimli iqtidarı istefaya səsləyib. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda inqilab başlayıb və bu dinc yolla, təxribata yol verilmədən davam edir. O ABŞ prezidenti Corg Buşu və Avropa Şurasını nefti deyil demokratiyanı dəstəkləməyə çağırıb. Onu da qeyd edim ki, mitinq nəzərdə tutulduğundan yarım saat çox davam etməsinə baxmayaraq insanlar dəfələrlə müxalifət liderlərinə meydanda qalmaq isətdiklərini xatırladıb.