Accessibility links

Bakıda «İnsan alverinə qarşı cavab mexanizmlərinin inkişafı» mövzusunda seminar keçirilib


Bakıda «İnsan alverinə qarşı cavab mexanizmlərinin inkişafı» mövzusunda seminar keçirilib. Tədbiri Daxili İşlər Nazirliyi, Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz təşkil edib. Seminar bu təşkilatların «İnsan alverinə qarşı cavab mexanizmlərinin inkişafı» layihəsinin icrası çərçivəsində təşkil edilib. İki il ərzində icra olunacaq yeni layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir. ATƏT–in Bakı ofisnin rəhbəri Xose-Luis Herrero bildirib ki, layihə Azərbaycanda insan alverinə qarşı uzunmüddətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. «Layihə əsasında beynəlxalq əməkdaşlığı gücləndirmək yolu ilə Milli Fəaliyyət Planı və müvafiq normativ hüquqi çərçivənin icrası inkişaf etdiriləcək. Sənəddə həmçinin əmək bazarı təsisatlarının insan alverinin qarşısının alınması fəaliyyətinə cəlb edilməsi, cinsi və əmək istismarı məqsədilə insan alverinin qurbanı olmuş şəxslərin müəyyən olunması, müdafiəsi və onlara yardım işini gücləndirmək nəzərdə tutulur». Daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun sözlərinə görə, Azərbaycanda insan alveri ilə bağlı son illər qanunvericilik bazası gücləndirilib, 2004-cü ildə Azərbaycan prezidenti «İnsan Alveri üzrə Milli Fəaliyyət Planı»nı təsdiq edib. Onun sözlərinə görə, hazırda Bakı şəhərində insan alveri qurbanlarının reabilitasiya mərkəzi fəaliyyət göstərir və 2008-ci ildə ölkənin dörd regionunda belə reabilitasyia mərkəzləri istifadəyə veriləcək. Nazir müavini daxili işlər orqanlarının insan alverinin qarşısının alınması istiqamətində apardığı işlərdən də danışıb. Milli koordinatorun sözlərinə görə, Azərbaycanda son iki ildə insan alveri qurbanı olan uşaqlar qeydə alınmayıb. Qurbanlar əsasən 15-45 yaş arasında olan qadınlardır. Belə ki, Azərbaycan həm mənbə, həm istifadəçi ölkələr siyahısındadır. Nazir müavini həmçinin deyib ki, bu il Azərbaycanda bar və istirahət mərkəzlərində cinsi istismarla bağlı 235 cinayət qeydə alınıb və 465 nəfər məsuliyyətə cəlb edilib. İnsan Alverinə Qarşı Mübarizə üzrə qeyri–hökumət təşkilatları şəbəkəsinin koordinatoru Asif İsmayılov ölkədə insan alverinin qarşısının alınması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsinə və maarifləndirmə işlərinin artırılmasına böyük ehtiyac duyulduğunu önə çəkib. Onun fikrincə, mübarizə işləri regionları da əhatə etməlidir. Azərbaycanda insan alveri qurbanına çevrilənlərin böyük əksəriyyəti qadınlardır. Onlar cinsi istimar məqsədilə xarici ölkələrə apıralır. Qadın Krizis mərkəzinin rəhəbri Mətanət Əzizova hesab edir ki, hüquq-mühafizə orqanlarının mübarizəsinə baxmayaraq insan alveri qurbanları olan qadınların sayı o qədər də azalmayıb. O daha çox qadınların ehtiyacdan qurbana çevrildiyini deyir. Xanım Əzizova son dövrlər daha çox cavan qadınların qurbana çevrilmə ehtimalının çoxaldığını deyib.

XS
SM
MD
LG