Milli Məclisdə Azərbaycanın
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik hesabatı
dinlənilib. Daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə
Milli Koordinator Vilayət Eyvazov bildirib ki, bu il insan alveri ilə bağlı 342
cinayət faktı aşkarlanıb. 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onun
sözlərinə görə, insan alverinin qurbanı olan 72 nəfər müəyyən edilib, axtarışda
olan 79 nəfərin 41 nəfərinin, o cümlədən İnterpol xətti ilə 6 şəxsin tutulması
təmin edilib, 38 cinayətkar qrup zərərsizləşdirilib.
Nazir müavinin fikrincə, Azərbaycanda
insan alveri mövzusu o qədər də aktual deyil. Cənab Eyvazovun dediyinə
görə, ötən il 41 nəfər insan alveri
qurbanına müavinət verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
nəzdində insan alveri qurbanları üçün xüsusi reabilitasiya mərkəzi yaradılıb.
Gələcəkdə ölkə regionlarında da belə mərkəzlər açılacaq.
Nazir müavini Azərbaycanın insan alveri üçün həm təyinat, həm tranzit, həm də mənbə ölkə olduğunu deyib.
Azərbaycana Orta Asiya, Rusiya Ukrayna, Moldovadan insan alveri qurbanları gətirilir. Cənab Eyvazovun dediyinə görə, insan alveri ilə bağlı həbs edilənlərin 90%-dən çoxu da qadınlardır.
Bununla yanaşı, müstəqil ekspertlər də ölkədə insan alverinə qarşı mübarizə sahəsində müəyyən irəliləyişlərin olduğunu bildirir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, son dövrlər bu sahədə reabilitasiya mərkəzi yaradılıb və qurbanlar hətta reabilitasiyadan sonra işə də düzəldilir.
Ekspert Azərbaycanı tranzit və mənbə ölkə hesab etsə də, təyinat ölkəsi saymır. Onun sözlərinə görə, təyinat kimi cəmi bir neçə fakt qeydə alınıb.