Accessibility links

Azərbaycan prezidenti küçə və meydanlardan portretlərinin yığışdırılması üçün göstəriş verib


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Prezident ilin birinci yarısında ümumi daxili məhsulun 16,5 faiz, sənaye istehsalının 14 faiz artdığını deyib. Onun sözlərinə görə, iqtisadi islahatlar başlayandan ilk dəfə kənd təsərrüfatında artım 10 faizi keçib. Altı ayda əsas kapitala yönəldilən investisiyalar 4,4 milyard manat, o cümlədən daxili sərmayələr 3,1 milyard manat təşkil edib. Özəl sektorun payı 84 faizə çatıb.

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Amerikanın səsi" radiosuna bildirib ki, dövlət başçısı həmçinin inflyasiya və əhalinin sosial vəziyyəti ilə bağlı məsələlərə də toxunub.

Onun sözlərinə görə, prezident problemlərdən danışarkən ilk növbədə inflyasiyanın qarşısının alınması ilə bağlı tədbirləri önə çəkib.

Cənab Həsənovun dediyinə görə, dövlət başçısı maliyyə intizamı məsələsinə də diqqət çəkib. Prezident maliyyə şişirtmələrinin qarşısının alınması ilə bağlı göstərişlər verib.

Cənab Əliyev qarşıdan gələn prezident seçkilərinin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsini vacib sayır. Şöbə müdirinin sözlərinə görə, dövlət başçısı bu məqsədlə bütün portretlərinin küçə və meydanlardan yığışdırılması ilə bağlı göstəriş verib.

Müstəqil ekspertlər də son illər ölkədə iqtisadi tərəqqinin olduğunu bildirir. Ancaq tərəqqi əsasən neft amilindən asılıdır. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ixracatda qeyri neft məhsullarının çəkisinin çüzi olduğunu deyir.

Ekspert ötən illə müqayisədə xarici investisiyaların 10,1 faiz azaldığını və Rusiya kapitalının artdığını bildirib.

Cənab İbadoğlunun fikrincə, pul kütləsi altı ayda 82 faiz artıb və bu isə inflyasiya amilinin artmasına səbəb olub. Rəsmi hesablamalara görə, 6 ayda inflyasiya 20,2 faiz, alternativ hesablamalara görə isə 28,5 faiz təşkil edib. Ekspert əhalinin sosial vəziyyətinin yaxşılaşması barədə bəyanatları da müsbət qarşılamır.

Müxalifətdə olan "Müsavat" partiyasının başqanı İsa Qəmbər

hökumətin beynəlxalq təşkilatların və demokratik qüvvələrinin tələblərinə baxmayaraq demokratik seçki keçirmək şansını geridə qoyduğunu deyir. O dövlət başçısının portretlərinin yığışdırılması ilə bağlı bəyanatını müsbət qarşılasa da bunu seçkiqabağı piar hesab edir.

Cənab Qəmbər iqtisadi inkişafla bağlı deyilənləri əsaslı saymır və insanların həyat səviyyəsinin pisləşdiyini düşünür. Onun fikrincə, ölkə monopoliyalaşıb, korrupsiya və rüşvət artmaqda davam edir.

XS
SM
MD
LG