Accessibility links

Sabah İran prezidenti Azərbaycana gəlir


İran prezidenti Mahmud Əhmədinejadın sabah Azərbaycana ikigünlük rəsmi səfəri başlayır. İranın Azərbaycandakı səfiri Nasir Həmidi-Zare bildirib ki, səfər zamanı siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin genişlənməsi məsələləri gündəlikdə olacaq. İran prezidenti ticarət, enerji, yolların və hidroelektrostansiyaların tikintisi üzrə birgə layihələrin reallaşmasının tezləşməsi məsələlərini müzakirə edəcək. Cənab Həmid-Zare iki ölkə prezidentinin Qəbələ RLS-lə bağlı müzakirə aparacağına da işarə edib. Bununla yanaşı, səfir İRNA agentilyinə deyib ki, İran və Azərbaycan hökumətləri enerji və nəqliyyat sahələrində əməkdaşlıq üzrə yeni sazişlər imzalayacaq. İran prezidentinin səfəri Azərbaycanda iki ölkənin qonşuluğu baxımdan müsbət qiymətləndirilir. Politoloqlar hesab edir ki, prezident Əhmədinejatın səfəri Azərbaycanın beynəlxalq imicinə hər hansı təsir etməyəcək. Politoloq Rasim Musabəyov səfəri vəziyyətin indiki gərgin vaxtında Azərbaycan üçün faydalı adlandırır. YAP icra katibinin müavini Mübariz Qurbanlı mehriban qonşuluq siyasəti baxımından İran prezidentinin səfərini zəruri sayır. O ümid edir ki, prezident Əhmədinejadın səfəri dövlətlərarası münasibətlərdə bəzi çətinliklərin aradan qaldırılmasına da kömək edəcək. Politoloq Zərdüşt Əlizadənin qənaətincə İran prezidentinin səfərini ABŞ-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik xarakteri zəruri edib. Politoloqun fikrincə, İran tərəfini ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı çox narahat edən məsələlərdəndir.

XS
SM
MD
LG