Accessibility links

Azərbaycan və İran prezidentləri iqtisadi, siyasi və regional təhlükəsizlik məsələlərini müzakirə edib


İran prezident Mahmud Əhmədinejadın Azərbaycana ikigünlük səfəri başlayıb. Prezidentlər arasında bir saatlıq təkbətək görüşdən sonra tərəflər geniş tərkibdə danışıqlar aparıb.

Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin gücləndiyini bildirib. «Biz təkbətək görüşdə çox geniş fikir mübadiləsi apardıq, çox səmərəli işlədik və bir daha gördük ki, bizim aramızda dostluq, mehribanlıq münasibətləri çox güclüdür, bütün məsələlərə vahid mövqedən yanaşırıq».

Prezident Mahmud Əhmədinejad da Azərbaycanla çox dərin qardaşlıq əlaqələri olduğunu deyib. «Azərbaycanla İran arasında əlaqələr get-gedə dərinləşməkdədir. Biz həm Azərbaycanın müstəqilliyindən, inkişafından və həm də təhlükəsizliyindən çox məmnunuq. Biz həm regionda, həm də beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrimizin inkişafı istiqamətində müştərək mənafelərimizə uyğun əməkdaşlıq edirik. Çox şükürlər olsun ki, bütün sahələrdə əlaqələrimizin inkişafı yaxşı səviyyədədir».

O, eyni zamanda dövlətlər arasında potensial imkanların da çox olduğunu bildirib. «Bu potensial imkanlardan səmərəli istifadə edilməsi hər iki ölkənin mənafeyinə uyğundur. Mən bir daha təkidlə qeyd etmək istəyirəm ki, dost və qardaş Azərbaycan ilə bizim əlaqələrimizdə heç bir məhdudiyyət yaratmaq haqqında düşünmürük». Danışıqların yekunu olaraq Azərbaycan və İran 5 sənəd imzalayıb. Dövlət başçıları birgə Bəyanat imzalayıblar. Bundan əlavə; Bakı-İran-Naxçıvan müntəzəm avtobus reyslərinin açılması barədə memorandum; - Culfa-Culfa avtomobil körpüsünün inşa edilməsi; - Ordubad-Mərabad SES-in tikintisi barədə memorandum; - Poldəşt-Şahtaxtı sərhəd nəzarət-barıxılış məntəqəsinə beynəlxalq status verilməsi barədə saziş imzalanıb.

Mətbuat konfransında cənab Əliyev qeyd edib ki, danışıqların gedişində ikitərəfli münasibətlərə dair məsələlərdən əlavə, regiondakı vəziyyət, regioanl təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilib. O həmçinin hər iki ölkənin regionda sülh tərəfdarı kimi çıxış etdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, hər iki dövlət başçısının birgə Bəyanatında Qarabağ məsələsində İranın Azərbaycanın mövqeyini qəti və birmənalı olaraq dəstəklədiyi əksini tapıb.

Öz növbəsində cənab Əhmədnejad mövcud beynəlxalq problemlərin ədalətlə və qanun əsasında həll olunmasını qeyd edib. "Kim ki, zorakı kobud üsullardan istifadə edir, onlar doğru yolda deyil. Bütün xalqlar ədalətli sülh şəraitində azad yaşamaq hüququna malikdirlər" - deyə o qeyd edib. O, siyasi məsələlərdə hər iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü söyləyib. Suallara cavabda cənab Əliyev həmçinin danışıqlarda Naxçıvanın qaz təhcizatı problemini tamamilə həll edəcək İran-Naxçıvan ikinci qaz kəmərinin çəkilməsinin də müzakirə edildiyini bildirib. Azərbaycan prezidenti bundan əlavə, beynəlxalq bazara birgə çıxmaq məsələlərinin müzakirə edildiyini, 2007-ci ildə iki ölkə arasında mal dövriyyəsinin 60-70% artdığını deyib və bu göstəricini daha da artırmaq imkanı olduğunu bildirib

XS
SM
MD
LG