Accessibility links

Azərbaycan İraqdan sülhməramlılarını çıxarıb


Azərbaycanın İraqdakı sülhməramlılarını çıxarıb. Belə ki, 50 sülhməramlısı dekabrın 7-də vətənə dönüb. Azərbaycan sülhməramlıları İraqın Əl-Anbar vilayətinin Əl-Hədithə şəhəri yaxınlığında su anbarını və ölkənin 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını mühafizə edib.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, Azərbaycan sülhməramlıları İraqda böyük işin öhdəsindən layiqincə gəlib. “Mən ABŞ-ı təmsil edən Dəniz Piyadaları ilə danışıqlarımda Azərbaycan əsgərlərinin həqiqətən də dünya səviyyəsində bir iş gördüklərini öyrəndim. Azərbaycan belə əsgərləri olduğuna görə qürur hissi duymalıdır”.

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Azərbaycan sülhməramlılarının İraqın mühüm əhəmiyyətə malik obyektlərinin təhlükəsizliyini təmin etdiyinə görə təşəkkür edib.

Azərbaycan sülhməramlıları 2003-cü ildən İraqda sülhyaratma əməliyyatlarında iştirak edirdi. Ölkə parlamentinin bu ilin noyabrında “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” qərar qəbul edib. Parlament qərarını beş illik müddətin başa çatması ilə əsaslandırıb.


XS
SM
MD
LG