Accessibility links

Azərbaycan həbsxanalarında çoxsaylı xəstə məhbuslar var


İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri və ATƏT-in Bakı ofisinin saxlanma yerləri üzrə eksperti Elçin Behbudov Azərbaycanda saxlanma yerlərində ümumi vəziyyətin Avropa standartlarına cavab vermədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan cəzaçəkmə müəssisələrinin hamısı Sovet dövründə tikilib və müasir standartlara uyğun deyiL. “Hazırda hökumət Bakıdakı 1 saylı təcridxananı Avropa standartlarına uyğun tikilmiş yeni binalara köçürüb. Naxçıvan, Lənkəran, Şəki və Gəncə şəhərlərində isə yeni cəzaçəkmə müəssisələri inşa edilir”.
Ekspertin fikrincə, Azərbaycan cəzaçəkmə müəssisələrində beynəlxalq normalara və qanunvericiliyə də əməl edilmir. “Onlarla xəstə məhbus ağır vəziyyətdədir. Elə məhbuslar var ki, hətta hər iki ayağı yoxdur. Qanunvericiliyə görə, bu məhbuslar həbsdən azad edilməlidir. Ancaq bu edilmir”.
Cənab Behbudov gənc blogerlərin həbsinin əleyhinədir. “Mən blogerlərin azad edilməsi xahişi ilə dövlət başçısına müraciət etmişəm”.
Hüquq müdafiəçisi siyasi məhbus adlandırılan şəxslərin də saxlanma vəziyyətinin yaxşı olmadığını deyib. “Keçmiş səhiyyə naziri Əli İnsanov onurğa sütununun deşiyindən əziyyət çəkir, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin yataq yerlərini dəyişiblər, onlar şikayətçidir, keçmiş polis rəisləri Natiq Əfəndiyev, Müşfiq Mədətov və jurnalist Müşfiq Hüseynov ağır xəstədir, baş redaktorlar Qənimət Zahid və Eynulla Fətullayev də həbsdə saxlanılır. Mən onların hamısının həbsdən azad edilməsi ilə bağlı prezidentə müraciət etmişəm”.
O eyni zamanda işgəncə faktlarının olduğunu da bildirib. “Bu il ərzində 80-dək insan işgəncəyə məruz qalması ilə bağlı komitəyə müraciət edib”, - deyə o qeyd edib.

XS
SM
MD
LG