Accessibility links

Azərbaycanda quş qripi qeydə alınmayıb


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun “Amerikanın səsi” radiosuna müsahibəsi:

Sual: Hər il olduğu kimi, yenə quşların köçü başlayıb. Bu il quş qripinə yoluxma ehtimalı ola bilərmi? Hazırda situasiyanı necə qiymətləndirirsiniz?

Cavab: Quş qripi ilə bağlı vəziyyət stabildir. Çöl quşları və ev quşları arasında xəstəlik müşahidə edilməyib. Müşahidələrimizə görə, hələ köçəri quşların geniş miqrasiyası başlamayıb. Bu il quş qripi Böyük Britaniya, Toqo, Pakistan, Danimarka, Laos, Benin, Koreya, Vyetnam və Almaniyada qeydə alınıb. Bu dövlətlərdən Azərbaycan quş əti və yem məhsulları almır. Həmin ərazilərdəki quşlar da miqrasiya zamanı Azərbaycan ərazisinə gəlmir.

Sual: Bu ilin əvvəlində Qəbələ rayonunun Nic kəndində donuzlarda Afrika taunu xəstəliyi müəyyən edilib. Hazırda vəziyyəti necə qiymətləndirirsiniz? - Nic kəndində Afrika taunu bu ilin yanvarında qeydə alınıb. Martadək xəstəlik ocağı məhv edilib və bu ərazidə karantin götürülüb. Dövlət tərəfindən bütün sahibkarlara və yerli sakinlərə məhv edilmiş donuzları müqabilində konpensasiya verilib. Hal-hazırda vəziyyət stabildir.

Cavab: Hazırda Rusiyada Afrika taunu xəstəliyi qeydə alınıb, bu, Azərbaycana da təsir edə bilərmi?

Sual: Əlbəttə, bu, təsir edə bilər. Biz çalışırıq ki, xəstəlik olan regionlardan Azərbaycana məhsullar və yemlər daxil olmasın. Bunu daim nəzarətdə saxlayırıq. Ötən ildə Çeçenistanda, Osetiyada (burada artıq 30 mindən çox donuz məhv edilib) xəstəlik olub, oradan Krasnodara keçib, indi isə Stavropola yayılıb. Ancaq Baytarlıq xidməti xəstəliyin Azərbaycana keçməsinin qarşısını almağa çalışır. Sərhədlərdə ciddi rejim tətbiq edilir. Xəstəlik qeydə alınmış ölkələrlə ticarəti müvəqqəti dayandırmışıq.

Cavab: Hazırda xəstəliyin yayılmasına səbəb ola biləcək məhsulların sərhəddən keçirilməməsi üçün sərhəd buraxılış məntəqələrində hansı tədbirlər görülür? - Azərbaycana gələn bütün məhsullar nəzarətdədir. Ölkəyə daxil olandan sonra isə bütün məhsullar Respublika Baytarlıq laboratoriyasında müayinə olunduqdan sonra satışa icazə verilir.

Sual: Təbii ki, heyvanlar üçün sərhəd qadağaları yoxdur. Xəstəlik viruslarının çöl heyvanları vasitəsi ilə Azərbaycana daxil olma ehtimalı varmı?

Cavab: Nic kəndinə də donuzlar Afrika taununa çöl heyvanları vasitəsilə yoluxmuşdu. Çünki bu xəstəlik öncə Gürcüstanda, sonra Ermənistanda qeydə alınmışdı. Əlbəttə, çöl heyvanları vasitəsi ilə xəstəliyin keçmə ehtimalı həmişə qalır. Bizim sərhədlərdə xidmətlərimiz var, daim müşahidələr aparırıq. Quş ölümü, heyvan ölümü qeydə alınan kimi dərhal analizlər aparılır. Şübhələr yaranan kimi həmin ərazilərdə monitorinqlər təşkil edilir. Nəticələri öyrənilir. Sərhəd xidməti də bu sahədə bizə yaxından kömək edir.

Sual: Gürcüstanda və Şimali Qafqaz bölgəsindəki silahlı qarşıdurma Azərbaycana daha çox çöl heyvanının gəlməsinə səbəb olub. Azərbaycana çöl heyvanlarının gəlməsi dinamikası öyrənilirmi?

Cavab: Meşələrdə və çöllərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ovçular cəmiyyəti ilə birgə monitorinq keçirir. Dövlət Baytarlıq xidməti də bu monitorinqləri müşahidə edir. Müharibələr heyvanların miqrasiyasına böyük təsir göstərir. Silah səsləri onların yerlərini dəyişməsinə səbəb olur. Doğrudur, heyvanların miqrasiyasını hələ tam nəzarətdə saxlaya bilmirik. Ancaq bütün qüvvələrimizi bu işə sərf edirik. Bununla yanaşı, hələ çöl heyvanlarının miqrasiya dinamikasının monitorinqini tam təşkil edə bilmirik. Bunun üçün insan ehtiyatımız azlıq təşkil edir. Belə ki, hazırda ölkə ərazisində dabaqa qarşı peyvənd kampaniyası aparılır.

Sual: Azərbaycanın bəzi qonşu dövlətlərində Sibir yazvası da qeydə alınıb. Bu xəstəliyin virusunun Azərbaycana daxil olmaması üçün də tədbirlər görülür?

Cavab: Bu il qara yara xəstəliyi Finlandiya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və hətta Yaponiyada qeydə alınıb. Bu torpaq xəstəliyidir. Azərbaycanda il ərzində artıq bütün ev heyvanları bu xəstəliyə qarşı peyvənd olunub. Buna da nəzarət olunur. Həmin ölkələrdən Azərbaycana heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyulub. Ola bilsin ki, hansısa dəri məmulatında xəstəlik sərhəddi keçsin. Ancaq Baytarlıq xidməti maksimum dərəcədə dəri və dəri məmulatlarını da laborotoriyadan keçirir.


XS
SM
MD
LG