Accessibility links

İsrail prezidenti Azərbaycanda səfərdədir


Israil prezidenti Şimon Peres Azərbaycana ikgünlük səfərə gəlib.
Azərbaycan və İsrail prezidenti əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. Görüşün nəticəsi olaraq iki dövlət arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında və informasiya və kommunikasiya texnologilayarı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Azərbaycan və İsrail prezidenti danışıqların yekunu olaraq mətbuat üçün bəyanatla çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, danışıqlarda bir sıra məsələlər üzrə yaxşı müzakirələr aparılıb. “Biz ikitərəfli əlaqələrə aid məsələləri müzakirə etdik. Bu səfər ikitərəfli əlaqələrimizin uğurlu inkişafında çox önəmli rol oynayacaq”.
Dövlət başçısı iqtisadi əlaqələrdən danışarkən deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. “Ölkələrimiz arasında birgə ticarət dövriyyəsinin həcmi artmaqdadır və bu rəqəm otən il 3,6 milyard dollara bərabər olub. Ticarət dövriyyəsi 2009-cu ildə də bu rəqəm civarında olacağına əminəm. Kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.
Prezident Əliyev enerji sektorundakı əlaqələrdən danışarkən, bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
O Azərbaycanın yəhudi icmasının və Azərbaycanda doğulub hazırda İsraildə yaşayan yəhudilərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Dövlət başçısı regional məsələləri, regional vəziyyəti, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdiklərini deyib. O Ermənistan-Azərbaycan münaqişəndən danışarkən deyib ki, atəşkəsin əldə edilməsindən 15 ildən də çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. “BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir”.
Prezident Şimon Peres Ermənistan-Azərbaycan münaqişə nəticəsində yaranmış işğal faktından danışarkən deyib ki, işğala baxmayaraq, Azərbaycan öz mədəniyyətinizi və nikbinliyini qoruyub saxlaya bilib. “Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri məcburi köçkündür”.
İsrail prezidenti iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Azərbaycanda yüksək tolerantlıq mühiti vardır. Ölkənizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdaram. Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar”,-deyə cənab Peres qeyd edib.

XS
SM
MD
LG