Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ailələri avqustun 25-dən 30-na kimi Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün Şəmkir, Gəncə, Ağcabədi, Bərdə və Bakıda toplaşacaq.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi bildirir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs sazişinin imzalanmasından 15 il keçib, ancaq 4500-dən çox itkin düşmüş şəxsin taleyi hələ də aydınlıq gətirilməmiş qalır. İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisindədir. "Günlər ötdükcə bu ailələr bütün həyatlarını bir məqsədə yönəldir, öz yaxınlarının taleyi barədə cavab almaq istəyir. Gözləmə və ümid içində keçən bu illər ərzində onlara qüvvə verən öz əzizlərinin xatirələridir", - deyə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyinin axtarış üzrə nümayəndəsi Yelena Miloşeviç Lepotiç bildirib.
1992-ci ildən BQXK itkin ailələrini öz yaxınlarının taleyini öyrənməsi yönümündə dəstəkləyir. BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumatın bütün ölkədə toplanması və mərkəzləşdirilməsi səylərini davam etdirir.
Uzun müddət itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan Kərim Kərimli “Amerikanın səsi” radiosuna bildirib ki, müstəqil ekspertlərin hesablamalarına görə, hazırda 6 mindən çox Azərbaycan vətəndaşı itkindir. “Onların əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşüb. İtkinlər sırasında çoxsaylı mülki vətəndaşlar, qocalar, uşaqlar və hərbçilər var”, - deyə o qeyd edib.
Cənab Kərimli hesab edir ki, ikinci dünya müharibəsi və Stalin repressiyası dövründə də çoxsaylı Azərbaycan vətəndaşı itkin düşüb. “Bakı yaxınlığındakı Nargin adasında Stalin repressiyası dövründə minlərlə insan güllələnib. Orada çoxsaylı insanın sümükləri indi də qalır, ancaq hələ də tədqiq edilməyib”.
Ekspert hesab edir ki. hökumət itkin düşmüş insanların xatirələri əks olunmuş muzey təşkil etməlidir.