Accessibility links

Azərbaycanda ixrac nəzarəti üzrə forum keçirilir


Azərbaycan Nazirlər Kabineti, ABŞ Ticarət nazirliyi Beynəlxalq Proqramlar Bürosu və Bakı Beynəlxalq Ticarət Təhlükəsizlik mərkəzinin dəstəyi ilə ixrac nəzarəti üzrə "Sənaye-dövlət əlaqələri" mövzusunda ikigünlük Forum öz işinə başlayıb. Forumda Azərbaycan Nazirlər Kabinetinin, Fövqəladə Hallar, Sənaye və Energetika, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Gömrük komitəsinin, ABŞ Kommersiya Departamentinin, ABŞ səfirliyinin, Polşa İqtisadiyyat nazirliyinin nümayəndələri və ekspertlər iştirak edir. ABŞ səfirinin müavini Ceyson Hayland bildirib ki, forum Azərbaycanda ikili təyinatlı malların ixracına nəzarətdə mühüm bir mərhələnin başlanğıcını qoyacaq. "İxraca nəzarət sərhəd təhlükəsizliyi proqramı çərçivəsində mühüm bir amildir. Beynəlxalq ticarətin inkişafı Azərbaycan iqtisadiyyatına böyük fayda verə bilər". O hesab edir ki, Azərbaycanda ixraca nəzarət mexanizmi dərinləşir və sənaye-hökumət əlaqələri möhkəmlənir. "İxraca nəzarət və sərhəd təhlükəsizliyi məsələsi Azərbaycan-ABŞ əlaqələrinin tərkib hissəsidir". ABŞ Kommersiya Departamentinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə proqram meneceri Donald Qrid bildirib ki, ixraca nəzarət və sərhəd təhlükəsizliyinin mexanizmləri şəffaf və aydın olmalıdır. "Bu ölkədə sənaye və biznes strukturlarının inkişafına təkan verər", - deyə Qrid vurğulayıb. Onun sözlərinə görə, ixraca nəzarət və sərhəd təhlükəsizliyi sahəsində ABŞ-la Azərbaycan 1997-ci ildən əməkdaşlıq edir. "Bu əməkdaşlıq lisenziyalaşdırma, qanunvericilik bazasının yaradılması, ixracat nəzarətinə düşən malların siyahısı, texniki hazırlıq və konsepsiyanın hazırlanması səviyyələrini əhatə edir. Azərbaycan artıq ixraca nəzarət və sərhəd təhlükəsizliyi sahəsində texniki biliyə yiyələnib, milli ixraca nəzarət sistemi yaradılıb". Nazirlər Kabinetinin nümayəndəsi Əli-İsa Məmmədov bildirib ki, Sənaye-Dövlət Əlaqələri Forumunun məqsədlərinə sənaye ilə dövlət qurumlarının əməkdaşlığının inkişafı, milli ixrac nəzarəti haqqında qanunun qəbul olunması, lisenziyaların verilməsi, nəzarət siyahısının tərtib edilməsi və gücləndirmə tədbirləri daxildir. Tədbirdə həmçinin Azərbaycanda ixrac fəaliyyətini həyata keçirən təşkilatlara yeni Daxili Nəzarət Proqramı təqdim olunacaq. "Forumda ikili təyinatlı mallar, texnologiyalar, hərbi avadanlıqlar, kimyəvi, bioloji və nüvə silahlarının ixrac nəzarəti rejiminə dair Beynəlxalq Razılaşmalara əməl edilməsi məsələləri də müzakirə olunacaq".
XS
SM
MD
LG