Accessibility links

«Amnesty International»ın hesabatını Azərbaycan hakimiyyəti qeyri-real, jurnalist təşkilatları real sayır


Tanınmış hüquq müdafiə təşkilatı «Amnesty International» Azərbaycanda söz və fikir azadlığının vəziyyətinin pis olması barədə üç hesabat yayıb. "Hakimiyyətin fəaliyyətini tənqid etməyə çalışan jurnalistlər daima siyasi həbs, fiziki hücum və hətta ölüm qorxusu altında yaşayır. Jurnalistlər yalnız hakimiyyətin xəttilə üst-üstə düşən fikirlər söyləyə bilər. Hakimiyyəti tənqid edən və ya korrupsiya barədə danışan hər kəs ciddi təhlükəyə məruz qalır. Bunlar prezident İlham Əliyevin jurnalistlərə qarşı hücumların yolverilməz olduğunu deməsinə baxmayaraq baş verir" - deyə təşkilatın Azərbaycan üzrə eksperti Lorens Broers bildirib . Təşkilat hesab edir ki, vəziyyət seçkilər vaxtı daha da kəskinləşir. «Söz və fikir azadlığının məhdudlaşdırılmasının üç variantı mövcuddur: polis və digər hüquq mühafizə orqanları tərəfindən reportyorların təqib edilməsi və pis rəftara məruz qalması; qətl cəhdləri və jurnalistlərin naməlum şəxslər tərəfindən qətlə yetirilməsi, həmçinin jurnalistlərin müxtəlif cinayətlərdə ittiham olunaraq həbs edilməsi və ya böhtanda ittiham edilərək məhəkəmə cərimələrinə məruz qalması. Narahatlıq doğuran odur ki, müxalif jurnalistlər daima fiziki zorakılığa məruz qalır. Bu cür işlərin rəsmi istintaqının biri də günahkarların cəzalandırılması ilə başa çatmayıb və bu hücumların təşkilatçıları üçün cəzasızlıq atmosferi yaradır. Oxşar hadisələr hakimiyyətə meyilli KİV-lərə münasibətdə baş vermir. Bütün bunlar ümumi atmosferdə və demokratiyanın vəziyyətində əks olunmaya bilməz". Hesabatda həmçinin "Azadlıq" qəzetinin müxbiri Nicat Dağların məruz qaldığı hücum, satirik Sakit Zahidovun qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi, "Bizim yol" qəzetinin redaktoru Bahəddin Həziyevin oğurlanması və digər oxşar hadisələr daxil olmaqla jurnalistlərini məruz qaldığı daha səs-küylü işlər yer alıb. Sənəddə dövlət başçısına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, ombudsmana satirik-yazar Mirzə Sakitin azadlığa buraxılmasının, jurnalistləri oğurlayan və onlara hücum edən cinayətkarların tapılıb cəzalandırılmasının vacibliyi xatırladılır. Azərbaycanda təşkilatın hesabatı həmişə olduğu kimi rəsmi hakimiyyət tərəfindən birmənalı qarşılanmayıb, jurnalist təşkilatları isə reallığı tam əks etdirdiyini bildirir . Prezidentin İcra Aapatarının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Amerikanın səsi» radiosuna hesabatın ölkədə söz və mətbuat azadlığı sahəsindəki obyektiv vəziyyəti əks etdirmədiyini deyib. Onun fikrincə, təşkilat subyektiv mülahizələrə əsaslanıb və Azərbaycanda mətbuata qarşı təşkil olunmuş kütləvi hal alan təzyiqlər yoxdur . Şöbə müdiri mətbuat orqanlarının istənilən fikri azad şəkildə ictimaiyyətə çatdırmaq iqtidarında oludğunu bildirib. Onun sözlərinə görə, mətbuatda hökumətin tənqidi əsas yerlərdən birini tutur. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bunun əksini düşünür. Onun sözlərinə görə, hesabat reallığı əks etdirir, ölkədə söz və mətbuat azadılığı sahəsində vəziyyət pisləşməkdə davam edir. «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyev ötən ilin mayında naməlum maskalı şəxslər tərəfindən oğurlanıb, döyülüb və sonra ayaqlarının üzərindən maşın sürülüb. Onun ayağında çoxsaylı sınıq var və kəskin ağrıları azalmır. Cənab Həziyev istintaqın gedişindən narazıdır. Ona qarşı cinyaət törətmişlər insanlarla bağlı şübhəlilər belə müəyyən edilməyib. «Azadlıq» qəzetinin müxbiri Nicat Dağlar ötən ilin dekabrında evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Cənab Dağlar ağır kəllə-beyin travması alıb və hazırda vəziyyəti ağır olaraq qalır. Satirik-yazar Mirzə Sakit həbsdədir. O narkotik maddənin qanusuz saxlanması ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Cənab Sakit narkotikin həbs edilərkən cibinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan edib. Jurnalistin hüquqlarını ictimai müdafiə komitəsinin sədri Emin Hüseyn onun saxlanma şəraitinin və ailəsinin sosial durumunun ağır olduğunu bildirib.
XS
SM
MD
LG