Accessibility links

Azərbaycanda jurnalist rüşvətalma ittihamı ilə həbs edilib


Müxalifət yönümlü "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov dünən həbs edilib. Ailə üzvlərinin məlumatına görə, dünən axşam Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə idarəsinin əməkdaşları jurnalistin evində axtarış aparıb, iki komputerinin prossesoru və diskləri götürülüb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev «Amerikanın səsi» radiosuna bildirib ki, cənab Hüseynov Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə şübhəli şəxs qismində tutulub. "Jurnalistin peşə fəaliyyəti göstərdiyi zaman vəzifəli olub-olmamasından asılı olmayaraq, hər hansı vətəndaşdan əvəzsiz qiymətli hədiyyə və xidmət qəbul etməsi tamamilə yolverilməzdir. Belə bir əməl törədilibsə, bunu mənfi qiymətləndiririk, əgər istintaq prosesual qanunvericiliyin tələbinə uyğun həmin əməli sübuta yetirərsə, redaksiyamız adekvat qiymət verəcək. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan biz Müşviq Hüseynovun belə bir əməl törətməsinə inana bilmərik". Bu sözləri isə «Amerikanın səsi» radiosuna «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib. Cənab Həziyevin özü ötən il naməlum şəxslər tərəfindən oğurlanaraq fiziki təzyiqə məruz qalıb və ayağının üstündən avtomobil sürülüb.

Müşfiq Hüseynov və Bahəddin Həziyev müxalifətdə olan AXCP-nin fəalı kimi tanınır. Yəqin ki, bu səbəbədən «Bizim yol»un baş redaktoru müxbirin siyasi motivlərlə həbsini də istisna etmir. Cənab Həziyevin sözlərinə görə, Müşfiq Hüseynov əmək və əhalinin sosial müdafiəsi nazirliyi və digər qurumlarda ciddi korrupsiya halları ilə bağlı yazıların müəllifidir. Vəkil Vüqar Xasayev müxbirin ittihamı qəbul etmədiyni bildirib. Onun sözlərinə görə, jurnalist rüşvət almayıb. "Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məsul işçisi jurnalistə başqasına çatdırması adı altında pul verib"-deyə vəkil qeyd edib.

XS
SM
MD
LG