Accessibility links

MAQATE Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisinə razılıq verib


ANS televiziyasının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) atom enerjisi üzrə beynəlxalq agentliyi (MAQATE) Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikilməsinə razılıq verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitunun direktoru, MAQATE-nin Azərbaycan üzrə nümayəndəsi Adil Qəribovun verdiyi məlumata görə, nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı keçiriləcək mərhələləri öyrənmək məqsədi ilə Azərbaycan nümayəndə heyəti dekabrın 17-19-da MAQATE-nin Vyanada yerləşən ofisində olacaq. Onun sözlərinə görə, sentyabrın 17-21-də Vyanada MAQATE-nin sessiyasında da Azərbaycanda nüvə tədqiqat reaktorunun tikilməsinə dair məsələ müzakirə olunub. Nüvə reaktorunun tikintisinə 2009-cu ildən başlanılacaq. Radiasiya Problemləri İnstitutu Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisinə dair təkliflər zərfini də Azərbaycan hökumətinə təqdim edib. Bu məsələ ilə bağlı Azərbaycan hökuməti hələ mövqeyini bildirməyib. Keçmiş Sovet İttifaqı dövründə Bakıdan 70 kilometr aralıda yerləşən Nəvahi qəsəbəsində AES-in tikintisinə başlanılmışdı. Çernobıl qəzasından sonra tikinti dayandırılıb. Ölkənin müstəqil ekoloqları Azərbaycanda AES-in tikintisinə narazıdırlar. A. Qəribov bildirib ki, nüvə reaktorunun 1 mvt gücündə olması nəzərdə tutulur. Onun yeri hələ müəyyənləşdirilməyib. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olacaq. A.Qəribovun sözlərinə görə, nüvə reaktorunun tikintisinə gücündən asılı olaraq, 1 milyon dollardan 10 milyon dollara qədər vəsait sərf olunacaq.
XS
SM
MD
LG