Accessibility links

Azərbaycan prezidenti 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciət edib


Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciət edib. Sənəddə deyilir ki, soyqırım tarixi 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. «İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “böyük Ermənistan” dövləti yaratmaq idi.

XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir».

Dövlət başçısı bildirir ki, məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən qəsb edilib, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, on minlərlə insan həlak olub. «Hazırda Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbçilərinin işğalı altındadır.

Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində Azərbaycan həqiqətləri getdikcə daha çox təsdiqini tapır, Ermənistan işğalçı dövlət adlandırılır, ondan qəsb etdiyi əraziləri azad etmək tələb olunur».

Prezident hesab edir ki, soyqırım günü münasibətilə müxtəlif ölkələrdə soydaşların keçirdiyi tədbirlər daha əzəmətli və davamlı olmalı, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etməlidir. «Həm də bu işlər türk və bizimlə həmrəy olan digər diaspor təşkilatlarının fəaliyyəti ilə əlaqələndirilməlidir. Bu günlərdə Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının I forumu göstərdi ki, biz birgə fəaliyyət göstərdikdə daha güclü oluruq».

XS
SM
MD
LG