Accessibility links

Azərbaycan məhkəmələri və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin Azərbaycanla bağlı qərarları   


2007-ci ildə rayon, şəhər məhkəmələri və yerli iqtisad məhkəmələrinin mülki işlər üzrə 56 753 qərarından yalnız 11,7%-dən apellyasiya şikayəti verilib. Apellyasiya məhkəməsində baxılan 6.642 mülki işdən isə yalnız 2620, yəni 39,4%-dən kassasiya şikayəti verilib. Cinayət işlərinə gəldikdə, 2007-ci ildə məhkəmələr 11.831 hökm çıxarıb, hökmlər üzrə 14.187 nəfər həbs edilib. 2306 nəfər barəsində (16,2%) apellyasiya şikayətinə və etirazlara baxılıb. Öz növbəsində, Ali Məhkəmə kassasiya şikayəti və etiraz qaydasında 622 nəfərin işinə baxıb və bu Apellyasiya Məhkəməsində baxılan işlərin 26,8% -ni təşkil edir. Bu barədə bu günki mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib Cənab Rzayev məhkəmələrin fəaliyyətinin yaxşılaşmasına yeni hakimlərin təyinatının və hakimlərin sayının artırılmasının müsbət təsir etdiyini deyib. Bu il Azərbaycanda hakimlərin ümumi sayı 600 nəfərə çatacaq. Hazırda 100 hakim vəzifəsi vakant olaraq qalır. Ali Məhkəmənin sədri 2007-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycandan 7 şikayətə baxıldığını və baxılan işlərin hamısında Azərbaycan hökuməti uduzduğunu deyib. Cənab Rzayev bildirib ki, Avropa Məhkəməsinin bütün qərarları Azərbaycan tərəfindən yerinə yetirilir. O həmçinin ötən il qanun pozuntularına yol verdiyinə görə, üç hakimin səlahiyyətlərinə son qoyulduğunu önə çəkib. “Bundan başqa, Məhkəmə-Hüquq Şurası 30 hakimin yenidən təyin edilməsini tövsiyyə etməyib. 75 hakim işindəki nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilib”,- deyə Ali Məhkəmənin sədri qeyd edib. Bununla yanaşı, müstəqil hüquqşünaslar Ali Məhkəmənin sədrinin bəyanatlarının məhkəmə sistemindəki problemləri əhatə etmədiyini bildirir. Onların fikrincə, məhkəmə sistemindəki islahatlar, yeni hakim korpusunun formalaşdırılması məhkəmələrdə ədalətli qərarların qəbul olunması baxımından nailiyyətə səbəb olmayıb. “Hüquq Maarifçiliyi” cəmiyyətinin sədri İntiqam Əliyev hesab edir ki, Ali Məhkəmənin sədri məhkəmələrdə korrupsiya hallarının aradan qaldırılması ilə bağlı konsepsiyasını elan etməlidir. Eyni zamanda, o yeni hakimlərin təyinatının da məhkəmə sisteminə yenilik gətirmədiyini deyir. Cənab Əliyev Avropa insan haqları məhkəməsini qərarlarına ümumi kontekstdə baxmağı lazım bilir. Onun fikrincə, bu qərarlar hökumətin ciddi qərarlar qəbul etməsi üçün əsas olmalıdır. Hazırda İnsan haqları məhkəməsi mahiyyəti üzrə Azərbaycanla bağlı 11 qərar qəbul edib.
XS
SM
MD
LG