Accessibility links

Beynəlxalq ictimaiyyət Azərbaycanda söz azadlığının vəziyyətindən narahatdır


Azərbaycan jurnalistləri, hüquq müdafiəçiləri, ictimai xadimlər, parlamentin müxalifətdən olan deputatları və ABŞ səfirliyinin əməkdaşları bu gün 2005-ci il martın 2-də qətlə yetirilmiş "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun məzarını ziyarətlə Ümumdünya mətbuat gününü qeyd edib.

Jurnalistlər hökumətdən jurnalistlərin təhlükəsizliyini və söz azadlığını təmin etməyi tələb edib. "Qanun" jurnalının redaktoru Şahbaz Xuduoğlu hakimiyyəti Elmar Hüseynovun qətlini araşdırmamaqda və qətlin günahkarlarını tapıb cəzalandırmaq istəməməkdə ittiham edib.

"Yeni Müsavat" qəzetinin redaktoru Rauf Arifoğlu ölkə hakimiyyətinin jurnalistlərə qarşı cinayətlərdə əli olduğunu bildirib.

"Azadlıq" qəzetinin redaktoru Qənimət Zahid qeyd edib ki, hakimiyyət jurnalistlərə müharibə elan edərək, onlara seçim etmək imkanı verməyib. Aksiyanın sonunda jurnalistlər müasir Azərbaycan jurnalistikasının banisi Nəcəf Nəcəfovun məzarını ziyarət edib.

Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə ictimai dinləmələr də olub. İctimai dinləmələrdə jurnalist Elmar Hüseynovun qətlə yetirildiyi gündən - 2005-ci il martın 2-dən bu yana söz azadlığı sahəsində durumun get-gedə pisləşdiyi, mətbuat nümayəndələrinə qarşı həbslərin, fiziki zorakılıqların, hədə-qorxuların, məhkəmə cərimələri hallarının artdığı vurğulanıb.

Çoxsalyı beynəlxalq təşkilatlar da Azərbaycanda mətbuata qarşı təzyiqələrdən narahatdır və bununla bağıl bəyanatlar yayıblar. ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dörs isə Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə evində qəbul keçirilib. Xanım Dörs bidirib ki, ABŞ azad mətbuatın vacib olmasına inanır: «Birləşmiş Ştatlar inanır ki, azad mətbuat demokratiya üçün vacibdir. Ölkəmizin yaradıcılarından olan Tomas Cefferson deyib ki, azadlığımız mətbuatın azadlığından asılıdr və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz».

ANS televiziyasına lisensziya verilməsini alqışlayan səfir Azərbaycanda media sahəsindəki problemlərdən də söz açıb. O, jurnalistlərin həbsinə toxunaraq deyib: «Biz beynəlxalq ictimaiyyətin narahatlığına şərikik. Azərbaycanda beş jurnalist həbs olunub - Eynulla Fətullayev, Mirzə Sakit, Rafiq Tağı, Samir Sədaqətoğlu və Fərəməz Novruzoğlu».

O Azərbaycan hökumətini diffamasiyaya görə cinayət məsuliyyətini aradan qaldırmağa çağırıb. E.Dörsi jurnalistlərin döyülməsi və təzyiqərə məruz qalmasını da pisləyib: «Siz hamınız mənimlə razılaşarsınız ki, jurnalistləri döyənlər və onlara hədə-qorxu gələnlər qorxaq və cinayətkardırlar».

Səfir jurnalistləri döyənlərin ideya mübarizəsindən qorxduqlarını vurğulayıb: «Onlar ideyaya qarşı ədalətli mübarizə aparmaqdan qorxurlar və azad informasiya axının qarşısını almaq üçün arxadan zərbə vururlar. Sonda ideya üstün gələcək. Elmar Hüseynov həmin ideyanın simvolu kimi yaşamaqda davam edəcək».

ABŞ səfiri Azərbaycanda azadlıq ideyasının mütləq qalib gələcəyini vurğulayıb. Avropa Şurasının baş katibi Terri Devis də Azərbaycanda fikir azadlığına olan təhlükədən narahatdır. "Mən Azərbaycanda fikri ifadə etmək azadlığına qarşı mövcud təhlükədən çox narahatam. Son aylarda bir sıra jurnalist diffamasiya cinayəti ilə ittiham olunaraq həbs olunub və ya öz peşə fəaliyyəti ilə əlaqəli olması güman edilən fiziki hücumlara məruz qalıb. Bu narahatlıq verici təhlükələr 20 aprel tarixində redaktor Eynulla Fətullayevin internetdə yazdığı yazısının cinayətkarcasına böhtan və təhqir hesab edilərək, iki il yarımlıq həbs cəzasına məhkum olunması ilə kuliminasiya nöqtəsinə çatıb. Bu qəbuledilməzdir və Azərbaycanın beynəlxalq nüfuzuna böyük ziyan vurur", - deyə baş katbin bəyanatında qeyd olunur.

Onun fikrincə, diffamasiya ilə bağlı cinayət sanksiyaları insan hüquqları və qanunun aliliyinə hörmətlə yanaşan istənilən demokratik ölkədə aradan qaldırılmalıdır. «Hökümətlər jurnalistlərin təhlükəsiz və müstəqil şəkildə, hakimiyyət və ya hər hansı digər şəxslər tərəfindən yersiz təsir və təzyiqlərə məruz qalmadan işləmələrinə zəmanət verməklə həqiqəti qorumalıdırlar. Fikri ifadə etmək azadlığı aydın, hüquqi cəhətdən müəyyən olunmuş və Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən qorunan anlayışdır" - deyə cənab Devis vurğulayır.

XS
SM
MD
LG