Accessibility links

Azərbaycan jurnalistləri söz azadlığı tələbilə piket keçirib


Jurnalistlər «Azad söz!», «Eynulla Fətullayevə azadlıq!», «Mətbuata təzyiqlərə son qoyulsun!» şüarları ilə piket keçirib. Mətbuat nümayəndələri etiraz aksiyasını Sabir bağında keçirməyə cəhd etsə də polis imkan verməyib. Buna baxmayaraq, jurnalistlər İçəri şəhərdə Qala divarları yanında şüarlar səsləndirə bilib. «Turan» Agentliyinin direktoru Mehman Əliyev jurnalistlərin etirazlarının bundan sonra da davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, jurnalistlərə təzyiqlərlə bağlı faktlar dəfələrlə hökumətin nəzərinə çatdırılsa da nəticəsi olmur. Mətbuata və jurnalistlərə qarşı təzyiqlərə etiraz olaraq çoxsalyı beynəlxalq və yerli təşkilatlar bəyanatlarla çıxış etməkdədir. Mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz Reportyorlar" təşkilatı Azərbaycanda söz və mətbuat azadlığının pozulması faktlarının növbəti dalğası ilə bağlı narahatlığını bildirib. Təşkilatın bəyanatında deyilir ki, "Realnıy Azəerbaydjan" qəzetinin redaktorunun iki il yarım azadlıqdan məhrum edilməsi ciddi həyəcan yaradır. «Cənab Fətullayev hələ "Monitor" jurnalının əməkdaşı olarkən böhtan və təhqir ittihamı ilə 2002-ci ildə 10 min avro cərimə edilib. Lap bu yaxınlarda E.Fətullayev yenidən təhqir ittihaım ilə cərimə olunub. "Sərhədsiz Reportyorlar" bu həbsi pisləyir və redaktoru tezliklə azad etməyə çağırır». Sənəddə həmçinin, Eynulla Fətullayev mühakimə edilən gün bu qəzetin digər əməkdaşı Üzeyir Cəfərovun basqına məruz qaldığı xatırladılır. «Ağır xəsarətlər alan cənab Cəfərov ona basqın edən adamlardan birinin Fətullayevin məhkəməsi zamanı zalda olduğundan tanıdığını deyib»-deyə bəynatda qeyd edilir. ATƏT-in söz azadlığı məsələsi üzrə nümayəndəsi Mikloş Haraşti də "Realnıy Azerbaydjan" qəzetinin redaktoru Eynulla Fətullayevin həbsindən ciddi narahatçılıq keçirdiyini bildirib. "Azərbaycanda mətbuat azadlığı hakimiyyətin getdikcə güclənən təzyiqi altındadır. Fətullayevlə birlikdə Azərbaycan mətbuatının həbsxanada olan nümayəndələrinin sayı beş nəfərə çatıb. Təəssüf ki, bu şəxslərə qarşı bütün işlər siyasi baxımdan əsaslandırılmış ittihamlar üzərində qurulub və söz azadlığı prinsiplərinin pozulması ilə həyata keçirilib" - deyə cənab Haraşti qeyd edib. O Eynulla Fətullayevin məhkəməsi keçirilən gün - aprelin 20-də "Gündəlik Azərbaycan" qəzetinin əməkdaşı Üzeyir Cəfərova qarşı hücum faktını "həyacanlı inkişaf" adlandırıb. Çoxsaylı yerli hüquq-müdaifə təşkilatlarının bəyanatlarında da jurnalistin həbsi və mətbuata təzyiqlər pislənir. "Biz təkcə Eynulla Fətullayevin deyil, həmçinin həbsdə olan digər jurnalistlər Sakit Zahidovun, Samir Sədaqətoğlunun, Rafiq Tağının və Fərəməz Allahverdiyevin tezliklə azad olunmasına kömək etməyinizi xahiş edirik. Mətbuata və jurnalistlərə qarşı təzyiqlər artıq ölkədə söz və fikir azadlığna ciddi xələl gətirmə mərhələsinə daxil olub». Bu sözlər isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Bakıda səfərdə olan BMT-nin söz azadlığı üzrə xüsusi məruzəçisi Ambei Liqaboya müraciətindəndir. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov son dövrlər mətbuat işçilərinin daha çox fiziki təzyiqlərə məruz qaldığını bildirir. Onun sözlərinə görə, ölkədə işgəncələrlə bağlı tendensiya mənfiyə doğru yuvarlanır. Komitə sədri Eynulla Fətullayevin həbsdən azad edilməsi ilə bağlı ölkə prezidentinə müraciət ünvanladığını da deyib. Bütün bunlara baxmayaraq, jurnalistlərə qarşı məhkəmə işləri də bitmir. Belə ki, indii də «Azərsun» şirkətinin rəhbəri Abdulbari Gözəl «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun xüsusi ittiham qaydasında həbsini tələb edən iddia ilə Nizami rayon məhkəməsinə müraciət edib. Şirkət rəhbəri cənab Arifoğlunun Türkiyənin telekanalında ona böhtan atıldığını iddia edir.
XS
SM
MD
LG