Accessibility links

ATƏT "Mətbuatın özünütənzimləməsi üzrə bələdçi" kitabının ilk təqdimatını Bakıda keçirib, jurnalistlər aclığı dayandırıb 


Bakıda ATƏT-in KİV azadlığı üzrə Xüsusi Nümayəndəsi institutu tərəfindən dərc edilmiş "Mətbuatın özünütənzimləməsi üzrə bələdçi" kitabının təqdimatı olub. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero mətbuatın azadlığı və məsuliyyətinin təmin edilməsində özünü tənzimləməsinin vacibliyini qeyd edib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda özünütənzimləmə funksiyalarını 2001-ci ildə yaradılmış Mətbuat Şurası həyata keçirir, o, çap orqanlarında, hərdən isə elektron KİV-dən şikayətlərə baxır. Onun sözlərinə görə, Azərbaycanda mətbuatın özünü idarəsi sahəsində yalnız mətbuat üzrə ombudsman institutu yaradılmayıb. "Yeni nəsil" jurnalistlər birliyinin rəhbəri Arif Əliyev qeyd edib ki, ölkə hakimiyyəti metodiki olaraq, mətbuatı "özəlləşdirməyə" çalışır və çox halda öz məqsədlərinə nail olur. Hazırda mətbuatın qalan hissəsi müqavimət götərir. Hakimiyyət və KİV arasında mövcud münaqişələr bu mübarizənin nəticəsidir. ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti deyib ki, yeni kitabın bütün ATƏT məkanında ilk təqdimat mərasimidir. “Mətbuatın özünü tənzimləməsi həm professional standartların artırılması, həm də hökumət qarşısında qanuni hüquqlarının birgə müdafiəsi nöqteyi nəzərdən vacibdir. Lakin jurnalistikanın keyfiyyəti heç bir halda azadlıq verilməsi üçün şərt olmamalıdır. Yalnız tamamilə azad mətbuat tam məsuliyyətli ola bilər. Hakimiyyətin mətbuatın özünü tənzimləməsində rolu KİV-ə azadlıq verilməsi və plüralizmin təmin edilməsindən ibarətdir. Hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən media məsuliyyətli ola bilməz. Bu, sifarişlə işləyən mətbuatdır". Onun fikrincə, qanunvericilikdən diffamasiyaya görə cinayət məsuliyyəti çıxarılmalıdır. İndi isə jurnalistlərin aclıq aksiyasının yekunu barədə. Bu gün jurnalistlər 13 gün davam edən aclıq aksiyasını dayandırıb. Belə ki, aksiyanı martın 26-da həbsxanada “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev jurnalistlərin həbsdən azad edilməsi tələbi ilə başlanmışdı. Bu gün isə cənab Fətullayev ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ilə görüşündən sonra jurnalistləri aksiyanı dayandırmağa çağırıb. Öz növbəsində, Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Amerikanın səsi” radiosuna jurnalistlərin aclıq aksiyası üçün heç bir əsas olmadığını bildirib. Cənab Həsənov beynəlxalq təşkilatların jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı bəyanatları haqqında suala isə birmənalı cavab verməyib.
XS
SM
MD
LG