Accessibility links

İranda prezident seçkilərinin nəticələrinə Azərbaycanda reaksiyalar 


İrandakı prezident seçkilərinin nəticələri dünyada olduğu kimi Azərbaycanda da diqqətlə izlənilir. İctimaiyyətin və medianın diqqəti seçkidən sonra baş verənlərə yönəlib. İrandakı seçki prosesini yerli ekspertlər müsbət qiymətləndirsə də, seçkilərin nəticələri ilə bağlı o qədər də optimist deyillər. İslahatçı namizəd Mir Hüseyn Musəvinin uğurlu seçki kampaniyası Azərbaycan ictimaiyyətində İranda dünyəviliyin artacağına ümid yaratmışdı, ancaq sonda Əhmədinejadın yenidən prezident postuna əyləşməsi bu ümidi bir ümidsizlikə əvəz edib.

Azərbaycanın İranda keçmiş səfiri Nəsib Nəsiblinin fikrincə, Əhmədinejadın yenidən prezidentlik etməsi nüvə proqramının davam etdiriləcəyinə və qərblə gərginliyin artacağına işarədir. Onun ehtimalına görə, Əhmədinejadın siyasəti yaxın gələcəkdə Amerika-İran toqquşmasına da yol aça bilər. Sabiq səfir İranda qruplar arasında kəskin ziddiyyətlərin olduğunu və onların bir-birinə güzəştə getmək iqtidarında olmadığını diqqətə çatdırıb. Toqquşmaların davam etməsi də buna bir sübutdur. Cənab Nəsibli İranda etnik münasibətlərin ciddi ziddiyyət mənbəyi olduğunu fikirləşir. Onun dediyinə görə, prezidentliyə 4 namizəddən 3-ü etnik problemlərin həllinə ehtiyac duyulduğunu xatırladıb.
“Turan” agentliyinin dini məsələlər üzrə eksperti Tofiq Türkel İranda baş verən qarşıdurmanı seçkilərdən daha çox dini quruluşa etiraz olduğunu düşünür.
Ekspert dini hakimiyyətin ölkədə milli azlıqların adi insani hüquqlarına hörmət etmədiyini bildirir. Onun fikrincə, qarşıdurma dərinləşərsə etnik azlıqlar rəsmi Tehrana qarşı vahid cəbhədə birləşəcək.
Azərbaycan müxalifəti hesab edir ki, seçkilərin nəticələri bəzi dairələrin İran rejiminin islah olunacağı ilə bağlı fikirlərini alt-üst edib. “Müsavat” partiyasının başqanı İsa Qəmbərin fikrincə, İran seçkiləri ilə demokratiya anlayışı bir araya sığa bilməz. Təkcə ona görə ki, 475 namizədliyini irəli sürmüş şəxsdən 4-ü namizəd ola bilib və onlara da bərabər təbliğat kampaniyası imkanı yaradılmayıb. Cənab Qəmbər İranda hazırkı vəziyyəti gərgin adlandırır.
“Müsavat” başqanı seçkilərdə Azərbaycan və azərbaycanlılar faktorunun əsas rol oynadığını deyib. O hesab edir ki, bu seçki İranda azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinə yeni təkan verəcək.
İranda gərginliyin artdığı bir vaxt Azərbaycan prezidenti Mahmud Əhmədinejadı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Prezident Azərbaycan-İran münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırır. “Əminəm ki, Azərbaycan-İran ikitərəfli münasibətləri bundan sonra da möhkəmlənəcək və hər iki xalqın maraqlarına cavab verəcək”-deyə dövlət başçısı qeyd edir.
Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə İranda dünyəviliyə tərəfdar elektoratın 34 faizədək yüksəlməsini mühüm adlandırıb. Onun fikrincə, dini dövlətdə dünyəviliyə insanların bu qədər meylli olması əksilik yaradır. Cənab Quluzadə, İranda qarşıdurmanın genişlənəcəyinə inanmır. O hesab edir ki, hakimiyyət bütün resurslarından istifadə edilərək etirazçı elektorat sakitləşdiriləcək.



XS
SM
MD
LG